"Məktəbləri ləngidərək uşaqların kütləvi vaksinasiyası üçün bəhanə yaradırlar” - İlqar Məmmədov

Siyasət
12:47 / 08.09.2021
941
"Məktəblərin açılışını 2 həftə ləngitməyin heç bir sağlam səbəbi yoxdur. Əsas səbəb uşaqların kütləvi vaksinasiyası üçün bəhanə qazanmaqdır”.
Sfera.az bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib. Onun fikrincə, cari ilin 1 oktyabrından sonra yoluxma sayı yenə tədricən artmağa başlayacaq və dekabrda yenə zirvə nöqtəsinə çatacaq.
"Operativ Qərargah isə qarşıda gözlənilən həmin bu mövsümi artımı məktəblərin açılmasının ayağına yazmaqdan ötrü məktəb açılışını 2 həftə ləngidir. Sonra da deyəcək ki, "gördünüz, uşaqlara da vaksin vurdurmaq lazmdır, məktəb açılmasaydı, bu qədər artım olmayacaqdı”. Yəni, bunların dərdi uşaqların da kütləvi vaksinləşməsi üçün bəhanə yaratmaqdır”.
Partiya sədri bildirib ki, Operativ Qərargahın öz qərarlarına süni-saxta səmərəlilik yapışdırmaq istəyi birinci dəfə deyil:
"Ötən il mövsümi təbii enişin başlanması ərəfəsində o, dekabrın 14-dən ən sərt karantin tətbiq etdi və sonrakı mövsümi enişi həmin o karantinə "aid” etdi. Bu il sentyabrın 1-dən bir çox yerlərə daxil olma üçün vaksin pasportu tələbini qoydu ki, gözlənilən mövsümi enişi bu tədbirin səmərəsinə aid etsin.
Məktəblərin 15 sentyabrda açılmaması üçün heç bir xeyirli səbəb yoxdur. Məktəblər açılandan sonra, Operativ Qərargah ancaq uşaqların vaksinləşməsi "ehtiyacı”ndan danışacaq. Bunu bir nömrəli mövzuya çevirəcəklər. Halbuki, xatırladıram: 2020-ci ildə Azərbaycanda normadan artıq 16 500 adam ölmüşdü və bu norma artıqlamasının 100 faizi 50+ yaşa aiddir. Statistik baxımdan, gənc əhalinin ölüm rəqəminə virus heç bir təsir göstərməyib”.
Türkan
Sfera.az