“Rəsmi İrəvan ideoloji müharibədən geri çəkilir...” - Politoloq

11:55 / 08.09.2021
959
"Erməni təbliğat maşını hücum
strategiyasını müdafiə strategiyasına dəyişib. Vaxtilə milyonlarla dram xərclənib
hazırlanan "erməni tarixi”ndən bəhs edən reklamlar, kinolar, sənədli filmlər,
artıq telekanallarda göstərilmir”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil
Hüseynli deyib.
Onun sözlərinə görə, bu gün erməni telekanallarında
ölkənin gəzməli, görməli, turistik yerlərindən bəhs edən reklamlara, sənədli
filmlərə daha çox rast gəlinir:
"Vaxtilə erməni kanallarında tez-tez göstərilən Azərbaycanın
bir zamanlar işğal altında olan Şuşa, Xankəndi, Laçın, Xocalı, Kəlbəcər
rayonlarının kadrlarının da yer aldığı bütün reklam, sənədli film və kinoların
yayımlanması qadağan edilib. Əvəzində erməni televiziya kanallarında Ermənistanın
ayrı-ayrı yerləri, turistik məkanlar haqda verilişlər verilir.
Aydın məsələdir ki, rəsmi İrəvan daxili auditoriyanın
düşüncəsini bir müddət "dənizdən-dənizə Ermənistan” xülyasından, həmçinin "arsax”
ideologiyasından yayındırmaq istəyir. Daha doğrusu buna məcburdur. Çünki mövcud
vəziyyət Ermənistana heç bir halda maksimalist mövqedən çıxış etmək imkanı
tanımır. Bununla belə bunun müvəqqəti hal olduğunu düşünürəm”.
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi daha nə
Qarabağı itirməkdən, nə də Azərbaycanın SSRİ dövründəki ərazilərini bərpa etməsindən
qorxur:
"Hazırda Ermənistan hakimiyyətini düşündürən başlıca məsələ
Azərbaycanın yeni hədəfinin nə olacağıdır. Ermənilər başa düşdü ki, Qarabağ Azərbaycanın
ayrılmaz ərazisidir. Digər tərəfdən, sərhədlərin demarkasiya və demilitasiya
prosesindən sonra rəsmi Bakının Qazaxın 7 kəndi və digər anklav əraziləri də
geri qaytaracağı məlumdur. Bu reallıq erməniləri sözün əsl mənasında qorxuya
salıb. Buna görə də bu gün ölkənin bütün televiziya kanallarında Ermənistanın fərqli
tarixi ərazilərini, turistik bölgələrini əks etdirən sənədli filmlər və
reklamlar göstərirlər. Rəsmi İrəvan düşünür ki, Azərbaycanın növbəti hədəfi Zəngəzur,
Göyçədir. Söhbət heç də 10 noyabr bəyanatında qeyd edilən Zəngəzur dəhlizindən
getmir. Erməniləri narahat edən əsas məsələ rəsmi Bakının 1918-ci il ərazisinə
qayıtmaq istəməsidir”.