Çinin əməkdaşlıq təklifi “Taliban”ı xilas edəcəkmi? – “Bank hesabları dondurulub, pul yoxdur”

Çinin əməkdaşlıq təklifi “Taliban”ı xilas edəcəkmi? – “Bank hesabları dondurulub, pul yoxdur”
"Taliban ABŞ və NATO üzərində faktiki qələbə çalaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qismi də qaçmağa çalışır. İkincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb”. 
 
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq "Taliban"ın əsas ümidinin xarici investisiyalar olduğunu bildirib:
 
"Taliban"ın bu vəziyyətdə əsas ümidi xarici investisiyalarıdır. Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyəti Əfqanıstana yatırım qoymayacaq. Qərb dövlətlərinin "Taliban"la təmasları olsa da, bu hərəkatı rəsmən tanımır, Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər. "Taliban"ın daxili və xarici siyasəti də bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən "Taliban"la əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymağa hazırdır. Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib.
 
Çin və İran xarici işlər nazirləri bir neçə gün əvvəl telefonla danışıblar. Nazirlər telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı Əfqanıstanla bağlı da geniş fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Çinlə İran Əfqanıstanda barışın əldə edilməsi üçün koordinasiyalarını davam etdirəcəklər".
 
Politoloq rəsmi Çinin "Taliban"ın terrorçu qruplarla əlaqəsini kəsmək niyyətində olduğunu deyib:

"Pekinin əsas hədəflərindən biri "Taliban"ın terrorçu qruplardan uzaqlaşmasıdır. Çünki "Taliban” keçmişdə müxtəlif terrorçu qruplarla, o cümlədən radikal uyğurlarla əməkdaşlıq edib. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlarla mübarizə aparacaq və onların Əfqanıstan ərazisində fəaliyyətinə imkan verməyəcək. Pekin bu vədə inanmaqla yanaşı "Taliban"ın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir".
 
Ekspert Çin – "Taliban” idarəetmə formasının oxşarlığından danışıb:

"Pekin "Taliban"ın formalaşdırdığı yeni hökumətlə əməkdaşlığa hazırlaşır. İdeologiayalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə "Taliban” idarəetmə baxımından bir-birinə yaxındır. Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. "Taliban"ın idarəetməsində də fərqli heç nə yoxdur. Taliban əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür.
 
Çinin "Taliban"la dostluğunun təhlükəli yönləri də var. Birincisi, Taliban ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncşir vadisindəki qüvvələr "Taliban"a təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istsina deyil. İkincisi, Taliban verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin "inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR