Paşinyan Ərdoğanın hansı cümləsindən ruhlanıb? – “Müsbət siqnallar almışıq” açıqlamasının izi ilə...

Paşinyan Ərdoğanın hansı cümləsindən ruhlanıb? – “Müsbət siqnallar almışıq” açıqlamasının izi ilə...
"Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar alıb".

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Paşinyanın "müsbət siqnallar" dedikdə hansı məqamları nəzərdə tutmasından danışıb:
 
"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Ermənistanla bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Türkiyə prezidenti bu ilin dekabrında demişdi ki, "əgər Ermənistan "altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”. Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı "Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: "Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq”.

Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır, cavab gözləyir".
 
Politoloq Nikol Paşinyanın gözləmə mövqeyində olduğunu qeyd edib:

"Elə Bakı da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları "qonşularla barış”, "regional əməkdaşlıq”, "kommunikasiya xətlərinin açılması”yla əlaqəli olsa da, hələ heç bir addım atmayıb. Atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaqlar. Rəcəb Təyyub Ərdoğanın "Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq” cümləsinin mənası da budur".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR