Prezident münaqişənin keçmişdə qalmasını elan etdi - Könül Nurullayeva

Prezident münaqişənin keçmişdə qalmasını elan etdi - Könül Nurullayeva
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında çıxışında kifayət qədər vacib məqamlar yer alıb. Ən önəmli məqamlardan biri budur ki, dövlət başçımız daha bir mötəbər beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qalmasını elan etdi.

Sfera.az xəbər verir ki, bu fikirləri millət vəkili Könül Nurullayeva deyib. 

Onun sözlərinə görə, bəyan olundu ki, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu:

"Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Ali baş komandan Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstəyin əhəmiyyətini bir daha xatırlatdı. Əslində hərəkatın yeddi ölkəsinin verdiyi dəstək nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinin qarşısı alındı. Bu, Azərbaycan üçün olduqca vacib idi. QH üzvlərinin bu davranışı eyni zamanda Hərəkatın sənədlərindən qaynaqlanan prinsipial mövqeyə sadiqlik nümayişi idi. Təbii ki, bunu həm də Azərbaycanın BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisatda uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirməliyik. Ölkəmizin bu nüfuzlu təsisata sədrliyinin yüksək səviyyədə qarşılanmasını təsdiqləyən daha bir fakt Hərəkat üzvlərinin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərarıdır. QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Bu, Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan QH-na üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı səmərəli addımlar atılmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan artıq Hərəkatın Gənclər Şəbəkəsinin təsis iclasının keçirilməsi və ümumən Hərəkat daxilində təsisatlanma ideyası üzərində yeni platformaların yaradılmasının mümkünlüyü barədə təşəbbüslər irəli sürüb".
 
(hafta.az)

OXŞAR XƏBƏRLƏR