Acı qidalar bu xəstəlikləri yaradır - Həkimdən XƏBƏRDARLIQ
Acı qidalar sidik-cinsiyyət sistemi ilə bağlı bəzi xəstəliklərin əlamətlərini daha da kəskinləşdirə bilər. Xüsusilə sistit və prostatitdən əziyyət çəkən şəxslərdə bu cür qidaların qəbulu narahatlığı artıra bilər.
Sfera.az xəbər verir ki, bu barədə reproduktiv sağlamlıq mərkəzinin uroloq-androloqu İqor Kononkov “Lenta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, acı qidalar özlüyündə sistit və ya prostatit yaratmır. Sidik yollarının infeksiyası bibər, ədviyyat və ya sousların təsirindən deyil, bakteriyaların sidik yollarına daxil olaraq çoxalmasından yaranır. Bununla belə, acı qidalar artıq mövcud olan xəstəliklərin simptomlarını gücləndirə bilər.
Mütəxəssis bildirib ki, belə qidaların qəbulundan sonra sidiyə çıxarkən yanma və ağrı, sidik kisəsində təzyiq hissi, eləcə də qarının aşağı hissəsində narahatlıq daha qabarıq şəkildə özünü göstərə bilər.
Bunun səbəbi acı bibərin tərkibində olan kapsaisin və digər qıcıqlandırıcı maddələr ola bilər. Bu maddələr sinir uclarının həssaslığını artıraraq iltihablı və ya həssas toxumalarda ağrı hissini gücləndirə bilər.
Kononkov xüsusilə interstisial sistitdən, yəni ağrılı sidik kisəsi sindromundan əziyyət çəkən şəxslərdə qidalanma ilə simptomlar arasında əlaqənin daha aydın müşahidə olunduğunu vurğulayıb. Bu xroniki vəziyyət adi bakterial infeksiya ilə əlaqəli deyil. Acı yeməklərlə yanaşı, sitrus meyvələri, pomidor, qəhvə, alkoqol, qazlı içkilər və süni dadlandırıcılar da xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
Həkim əlavə edib ki, acı qidalar prostatit əlamətlərinə də təsir göstərə bilər. Lakin bu reaksiyanın dərəcəsi hər insanda fərqlidir.
Qeyd edək ki, acı qidaların yaratdığı narahatlıq infeksiyanın yaranması və ya xəstəliyin mütləq ağırlaşması demək deyil. Lakin müəyyən qidalardan sonra simptomların artdığını müşahidə edən şəxslərin həmin məhsulların qəbulunu məhdudlaşdırması faydalı ola bilər.
Fatimə
Sfera.az






