ABŞ-də aralıq seçkiləri: Konqresə nəzarət uğrunda kritik yarış başlayır
ABŞ-də son illərin ən gərgin seçkilərindən biri hesab olunan aralıq seçkilərdə seçicilər bu gün səsverməyə gedirlər.
Seçkilərin nəticəsi ABŞ Konqresinə nəzarət edəcək partiyanı müəyyənləşdirəcək. Demokratlar Konqresin hər iki palatasında Prezident Donald Trampın Respublikaçılar Partiyasından üstünlük əldə etməyə çalışırlar.
Sfera.az xəbər verir ki, ABŞ vətəndaşları Prezident Donald Trampın ikinci prezidentlik müddətinin yarısında Konqresin – Nümayəndələr Palatası və Senatın tərkibini müəyyənləşdirmək üçün səs veriblər.
Təxminən 210 milyon qeydiyyatdan keçmiş seçici Nümayəndələr Palatasının 435 üzvünün hamısını, Senatın isə 100 yerindən 35-ni seçəcək.
Seçkilər çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Devid Vensin boşalmış yerlərini doldurmaq üçün Florida və Ohayo ştatlarında xüsusi seçkilər də keçiriləcək.
Bundan əlavə, seçicilər 36 ştatın yeni qubernatorlarını, ştat qanunverici orqanlarının üzvlərini və yerli vəzifəli şəxsləri müəyyənləşdirəcəklər.
Aralıq seçkilər eyni zamanda hazırkı prezidentin fəaliyyətinə verilən qiymət kimi də dəyərləndirilib.
Hazırda Respublikaçılar Konqresin hər iki palatasında çoxluğa sahibdirlər. Onlardan birində üstünlüyün itirilməsi Demokratlara qanunvericilik təşəbbüslərinin qarşısını almaq və Tramp administrasiyasına qarşı araşdırmalar başlatmaq imkanı verəcək.
Demokratların Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsi üçün 3, Senatda isə 4 yer qazanması lazımdır.
Hazırda Respublikaçılar Nümayəndələr Palatasında 218 yerlə üstünlüyə malikdirlər. Bir müstəqil üzv də Respublikaçılarla birlikdə fəaliyyət göstərir. Demokratların isə 214 yeri var. İki yer boşdur, hər iki partiya bir boş yeri özündə saxlayır.
Konqresin yuxarı palatası olan Senatda isə Respublikaçıların 53, Demokratların 45 senatoru var. İki müstəqil senator Demokratlarla birlikdə fəaliyyət göstərdiyindən Demokrat blokunun ümumi sayı 47-yə çatır.
Bu gün seçkiyə çıxarılan 35 yerdən 22-si Respublikaçılara, 13-ü isə Demokratlara məxsusdur. Demokratların Senatda nəzarəti ələ keçirməsi üçün 51 yerə çatmaları, yəni əlavə 4 mandat qazanmaları lazımdır.
Senatda nəticə 50-50 olarsa, Respublikaçılar nəzarəti qoruyacaqlar. Buna səbəb ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bərabərlik yaranan zaman həlledici səs vermək hüququna malik olmasıdır.
Seçki analitiklərinin fikrincə, Demokratların Senatda çoxluğu əldə etməsi Nümayəndələr Palatasına nəzarəti ələ keçirmələrindən daha çətin olacaq.
Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası Respublikaçıların qanun layihələrinin qarşısını ala, komitələr vasitəsilə Tramp administrasiyasının fəaliyyətini araşdıra bilər. Demokratlar, həmçinin prezidentə qarşı impiçment prosedurunu başlatmaq səlahiyyətinə sahib olacaqlar. Bu səlahiyyət yalnız Nümayəndələr Palatasına məxsusdur.
Palataya nəzarət Demokratlara hökumətin maliyyələşdirilməsi məsələlərində də təsir imkanları verəcək. Hər bir qanun layihəsinin hər iki palatada təsdiqlənməsi tələb olunduğundan, Respublikaçıların çoxluqda olduğu Senat təkbaşına qanun qəbul edə bilməz.
Demokratların Senatda çoxluq əldə etməsi isə qanunların qarşısını almaqla yanaşı, prezidentin federal hakimlər, Ali Məhkəmə hakimləri, kabinet üzvləri və səfirlər də daxil olmaqla, müxtəlif vəzifələrə namizədlərini rədd etmək imkanı yaradacaq.
Bu səbəbdən Senata nəzarət Tramp administrasiyası üçün növbəti iki ildən sonra da əhəmiyyətli nəticələr doğura bilər. Federal hakimlər ömürlük vəzifədə qalır və prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra da qərarları ilə ölkənin hüquqi sisteminə təsir göstərirlər.
Bundan başqa, Nümayəndələr Palatası prezidentin vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edərsə, Senat impiçment üzrə məhkəmə prosesini həyata keçirir. Prezidentin vəzifədən kənarlaşdırılması üçün Senatda üçdəiki səs çoxluğu tələb olunur. Lakin heç bir partiyanın bu həddə çatması gözlənilmir.
Demokratlar Konqresin hər iki palatasında üstünlük qazansalar belə, tam hakimiyyətə sahib olmayacaqlar. Çünki Tramp prezident kimi fəaliyyətini davam etdirəcək və qanun layihələrinə veto qoya biləcək. Prezident vetosunun ləğvi üçün isə hər iki palatada üçdəiki səs çoxluğu tələb olunub.
Ən çox qeydiyyatdan keçmiş seçicinin olduğu ştat 23,2 milyon nəfərlə Kaliforniyadır. Texas 17,4 milyon, Florida isə 13,6 milyon seçici ilə növbəti yerləri tutub. Bu üç ştat birlikdə ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin təxminən 26 faizini təşkil edir.
ABŞ-də aralıq seçkilərdə iştirak edənlərin sayı prezident seçkiləri ilə müqayisədə daha az olur. 1944-cü ildən bəri aralıq seçkilərdə orta iştirak göstəricisi təxminən 42 faiz, prezident seçkilərində isə 58 faiz təşkil edib.
İndiyədək 54 milyondan çox seçici erkən səsvermə və poçt vasitəsilə səs verib. Aralıq seçkilərdə seçicilərin qərarına təsir edən əsas məsələlərdən biri inflyasiya və işsizlikdir. ABŞ vətəndaşları Trampın İranla müharibəyə başlamaq qərarından sonra daha da ağırlaşdığı bildirilən yüksək yaşayış xərclərindən narazılıqlarını ifadə edirlər.
Miqrasiya siyasəti də seçkilərin əsas mövzularından biridir. Respublikaçılar Trampın miqrasiya ilə bağlı sərt tədbirlərinin ABŞ vətəndaşlarının maraqlarına xidmət etdiyini bildirirlər. Bununla belə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) həyata keçirdiyi həbslərin rekord həddə çatması ciddi narazılıq doğurub. Demokrat namizədlər seçki kampaniyalarında ICE tərəfindən həyata keçirilən həbsləri tənqid edərək bundan siyasi üstünlük qazanmağa çalışıblar.
Vergi güzəştləri də tərəflər arasında fikir ayrılığı yaradan məsələlərdəndir. Respublikaçılar vergi endirimlərini Tramp administrasiyasının əsas uğurlarından biri kimi təqdim edirlər. Demokratlar isə bu siyasəti tənqid ediblər.
İranla müharibə məsələsi də seçkilərin gündəmindədir. Respublikaçılar müharibəni müdafiə etməkdə çətinlik çəkirlər. Demokratlar isə seçkilərdə hakimiyyətə gəldikləri təqdirdə Trampa müharibədən imtina etməsi üçün təzyiq göstərməyi planlaşdırıblar.
İsrail-Fələstin məsələsində də Demokratlar arasında fikir ayrılığı mövcuddur. Partiyanın getdikcə artan bir hissəsi İsrailin Qəzza və İordan çayının qərb sahilindəki fəaliyyətini sərt şəkildə tənqid edir. Digər qrup isə məsələyə daha balanslı yanaşmağa davam edir.
Bəsti Rəfizadə
Sfera.az






