Seçkilərdən sonra İsraildə böhran: Müxalifət liderləri təcili toplaşdı
İsraildə oktyabrın 27-də keçirilən seçkilərdən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Müxalifət partiyalarının liderləri təcili hökumət qurulması və Baş nazir Binyamin Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması məsələsini müzakirə etmək üçün bir araya gəliblər.
Sfera.az xəbər verir ki, görüşdə Yəşar Partiyasının lideri Qadi Eisenkot, keçmiş baş nazirlər Naftali Bennet və Yair Lapid, Aviqdor Liberman və Yair Qolan iştirak ediblər.
Müzakirələr zamanı ilk növbədə parlament sədrinin dəyişdirilməsi və hökuməti formalaşdırmaq səlahiyyətinin Eisenkota verilməsi məsələsi gündəmə gəlib.
Yair Lapid Netanyahunun seçkilərin nəticələrini ləğv etməyə çalışdığını iddia edərək, müxalifətin yeni hökumət qurmaq üçün hərəkətə keçməli olduğunu bildirib. Naftali Bennet isə parlament sədrliyinin mümkün qədər tez ələ keçirilməsinin vacibliyini vurğulayıb.
Müxalifət liderləri arasında keçirilən görüşdə bütün partiyaların prezident İshak Hersoqla danışıqlarda hökumət qurmaq səlahiyyətinin Eisenkota verilməsini təklif etməsi barədə razılıq əldə olunduğu bildirilir. Bununla yanaşı, yeni hökumətin tərkibi və İsrailin ərəb vətəndaşlarını təmsil edən partiyaların dəstəyindən istifadə edilməsi məsələsində fikir ayrılıqlarının qaldığı qeyd olunur.
İsrailin Demokratlar Partiyasının lideri Yair Qolan da ərəb partiyalarının nümayəndələri ilə görüşərək Netanyahunun rəhbərlik etdiyi hökumətin dəyişdirilməsi və parlamentdə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib.
İradə Elsevər





