İrandan Trampa ölüm təhdidi: Meydandakı afişa diqqəti çəkdi
İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampa qarşı sərt təhdid mesajı əks olunan böyük afişa nümayiş etdirilib. Afişa şəhərin mərkəzi məkanlarından biri olan İnqilab meydanında yerləşdirilib.
Sfera.az xəbər verir ki, afişada Donald Tramp dəmir barmaqlıqlar arxasında təsvir olunub.
Görüntünün üzərində ingilis və fars dillərində “Trampı öldürəcəyik” ifadəsi yazılıb.
Meydanın digər hissəsində isə ABŞ Prezidenti Donald Tramp, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, vitse-prezident JD Vens və İsrailin Baş naziri Benyamin Netanyahu cırılmış və dağınıq geyimdə təsvir edilib. Həmin görüntüdə ABŞ və İsrailin yandırılmış və cırılmış bayraqları da yer alıb.
Afişaların nümayiş olunduğu ərazidə təxminən 500 nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib. Nümayişçilər İran və Hizbullah bayraqları qaldıraraq ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. Bəzi iştirakçılar Trampın təsvir olunduğu plakatları ayaqları altına alaraq üzərindən keçiblər.
Diqqət çəkən məqamlardan biri də aksiyada iştirak edən bəzi şəxslərin kəfən geyinməsi olub. Tehranın mərkəzində baş tutan nümayişdəki görüntülər ABŞ və İsrailə qarşı sərt siyasi mesaj kimi qiymətləndirilir. İradə Elsevər






