Qızıl bu tarixdən bahalaşacaq
Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur.
Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə isə 3 500 dollara qədər ucuzlaşa biləcəyini proqnozlaşdırır.
Sfera.az xəbər verir ki, qızıl bazarında son dəyişikliklər ABŞ dollarının möhkəmlənməsi, dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlamaq ehtimalı ilə əlaqələndirilir.
“Reuters” agentliyinin oktyabrın 27-də dərc etdiyi 30 analitik və treyder arasında keçirilən sorğunun nəticələrinə görə, qızılın 2026-cı il üzrə orta qiymət proqnozu 4 495 dollar təşkil edib. Bu, üç ay əvvəlki 4 509 dollarlıq proqnozdan aşağıdır. Analitiklər 2027-ci il üçün isə orta qiymət gözləntisini 4 650 dollara yüksəldiblər.
Bununla yanaşı, “Sucden Financial” şirkətinin analitikləri qızılın ilin sonuna qədər 3 900 dollar səviyyəsində dəstək nöqtəsini yoxlaya biləcəyini düşünürlər. Onların fikrincə, ABŞ-də faizlərin yüksək qalması və inflyasiya təzyiqləri qiymətli metalın bahalaşmasını çətinləşdirir.
Fransanın “Natixis” bankı isə qızılın gələcək qiyməti ilə bağlı üç mümkün ssenari təqdim edib. Bankın baza proqnozuna əsasən, qiymətli metal 2026-cı ilin sonuna qədər 4 100 dollara qədər geriləyə bilər. Daha mənfi ssenaridə isə qiymətin 3 500 dollara enməsi istisna edilmir. Əksinə, inflyasiyanın sürətlə zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətini yumşaltması qızılın 5 250 dollardan yuxarı qalxmasına şərait yarada bilər.
Digər tərəfdən, “OCBC” bankının strateqləri noyabrın 2-də açıqlanan yeni proqnozlarında qızılın ilin sonuna qədər 4 250 dollara, 2027-ci ilin sonuna qədər isə 4 710 dollara yüksələ biləcəyini bildiriblər. Onların fikrincə, mərkəzi bankların qızıl alışları və investisiya fondlarına vəsait axını qiymətli metalın qiymətini dəstəkləyən amillərdir.
Beləliklə, dünya analitiklərinin proqnozları qızılın gələcək qiyməti ilə bağlı vahid mövqenin olmadığını göstərir. Yaxın perspektivdə ucuzlaşma ehtimalı gündəmdə qalsa da, 2027-ci ildə qiymətlərin yenidən yüksələcəyi gözləntiləri də var.
Fatimə
Sfera.az






