Cənubi Koreyadan Şimali Koreyaya çağırış: "Dayandırın!"
Cənubi Koreya Şimali Koreyanı ballistik raket buraxılışlarını dayandırmağa çağırıb. Seul Pxenyanın bu cür addımlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu və regionda vəziyyətin yaxşılaşmasına xidmət etmədiyini bildirib.
Sfera.az xəbər verir ki, Cənubi Koreya Prezident Administrasiyası Şimali Koreyanın Yaponiya dənizi istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxmasından sonra təhlükəsizlik məsələləri ilə bağlı təcili iclas keçirib.
Prezident Administrasiyasının məlumatına görə, Cənubi Koreya Milli Təhlükəsizlik İdarəsi Şimali Koreyanın Vonsan bölgəsindən Yaponiya dənizi istiqamətində həyata keçirdiyi raket buraxılışları ilə əlaqədar vəziyyəti müzakirə edib.
İclasda mövcud vəziyyətə qarşı görüləcək tədbirlər nəzərdən keçirilib, raket buraxılışlarının Cənubi Koreyanın təhlükəsizliyinə mümkün təsiri qiymətləndirilib və zəruri addımların atılması barədə göstəriş verilib.
Cənubi Koreya tərəfi Şimali Koreyanın ballistik raket sınaqlarını təkrarlamasının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu vurğulayıb.
“Şimali Koreyanın təkrarlanan ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və vəziyyətin yaxşılaşmasına kömək etmir. Bu fəaliyyətlərin dərhal dayandırılmasını qətiyyətlə tövsiyə edirik”, - deyə Cənubi Koreya hakimiyyətinin bəyanatında bildirilib.
Bəsti Rəfizadə
Sfera.az






