"Asiya ölkələrindən Azərbaycana turist axını artacaq” - PATA sədri
Bakıda Asiya-Sakit Okean regionunun turizm bazarlarının nümayəndələrini bir araya gətirən beynəlxalq tədbir keçirilib. Oktyabrın 29-da Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” sammitində müxtəlif ölkələrdən gələn turizm şirkətlərinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın turizm imkanlarının beynəlxalq bazarlarda tanıdılması, Asiya ölkələrindən turist cəlbinin artırılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunub.
Sfera.az xəbər verir ki, sammitdə çıxış edən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) sədri Henri O (Henry Oh) Azərbaycanın turizm potensialının region ölkələri üçün cəlbedici olduğunu bildirib.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycanı dünyada daha geniş tanıtmaq və ölkənin turizm imkanlarını Asiya-Sakit Okean regionunun əsas bazarlarına təqdim etməkdir. PATA-nın geniş beynəlxalq şəbəkəsinin bu istiqamətdə mühüm rol oynaya biləcəyini deyən Henri O qeyd edib ki, təşkilatın əlaqələri Azərbaycanın turizm imkanlarının daha çox insana çatdırılmasına şərait yaradır.
PATA sədri bildirib ki, bu dəfə Cənubi Koreya, Yaponiya, Çin, Sinqapur, İndoneziya və Malayziyadan 50 turizm alıcısı Azərbaycana gəlib. Onların məqsədi ölkəni yaxından tanımaq, turizm imkanlarını öyrənmək və əldə etdikləri təcrübəni öz ölkələrində bölüşməkdir.
Henri O-nun sözlərinə görə, iştirakçılar Azərbaycana səfərlərindən sonra öz ölkələrinə qayıdaraq burada tur proqramları təşkil edə, ölkəmizin təbliğinə töhfə verə bilərlər.
“Gözləntim budur ki, bütün alıcılarımız bizim hiss etdiklərimizi hiss edəcəklər. Onlar geri qayıdanda turlar təşkil edəcək, Azərbaycanı təbliğ edəcək və öz ölkələrində Azərbaycanın səfirləri olacaqlar”, – PATA sədri vurğulayıb.
O, Asiya ölkələrindən Azərbaycana gələn turistlərin sayının artacağına inandığını bildirib. Henri O qeyd edib ki, İstanbuldan Bakıya uçarkən təyyarədə koreyalı turist qrupunu görməsi, Qobustana səfəri zamanı isə çinli turistlərlə qarşılaşması onu sevindirib. Onun fikrincə, Asiya ölkələrindən turistlərin Azərbaycana maraq göstərməsi müsbət tendensiyadır.
PATA sədri Azərbaycanın turizm baxımından cəlbediciliyini bir neçə amillə izah edib. O, ilk növbədə insanların mehribanlığını və qonaqpərvərliyini, yerli mətbəxi və ölkənin təbii gözəlliklərini qeyd edib. Həmçinin Azərbaycanın Qərbi Avropa ölkələri ilə müqayisədə daha əlverişli qiymətlər təklif etməsinin turistlər üçün əlavə üstünlük yaratdığını bildirib.
Henri O özü hələlik Azərbaycanı geniş şəkildə gəzməyə vaxt tapmadığını, səfərinin əsasən görüşlərlə bağlı olduğunu söyləyib. Bununla belə, Qobustanda olduğunu qeyd edən PATA sədri tədbir iştirakçılarının Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrini də ziyarət edəcəyini və yerli şərabları dadmaq imkanı qazanacağını bildirib.
Qeyd edək ki, sammitin açılışında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də çıxış edib. O, Azərbaycanla PATA arasında əməkdaşlığın inkişaf etdiyini, Asiya-Sakit Okean regionunun ölkəmiz üçün perspektivli turizm bazarlarından biri olduğunu bildirib. Fuad Nağıyev cari ildə Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılmasının regionda ölkəmizin mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosu ilə PATA arasında əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb. Sənəd Asiya-Sakit Okean regionunda Azərbaycanın tanıdılması, turizm şirkətləri və media ilə əlaqələrin genişləndirilməsi, eləcə də təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Sammitin davamında iştirakçılar yerli turizm şirkətləri ilə B2B görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Proqram çərçivəsində onların Bakı, Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərləri, Azərbaycanın tarixi-mədəni irsi, təbiəti və turizm infrastrukturu ilə tanış olmaları planlaşdırılıb.
İradə Elsevər









