Uşaqlara nəzarət, yoxsa sərbəstlik verilməlidir? - Psixoloqdan AÇIQLAMA
Bəzi valideynlər övladları ilə bağlı həddindən artıq narahatlıq keçirir, onların hər addımını izləyir, seçimlərinə müdaxilə edir, daim başlarına nəsə gələcəyindən və ya səhv qərar verəcəklərindən qorxurlar.
Bu narahatlıq uşağın kiçik yaşlarından başlayaraq yetkinlik dövründə də davam edə bilər. Belə valideynlər bəzən övladlarını qorumaq məqsədilə hər şeyi onların əvəzinə həll etməyə, kimlə ünsiyyət quracaqlarını və hansı qərarları verəcəklərini müəyyənləşdirməyə çalışırlar.
Bəs valideynlərin bu cür davranışı uşaqların psixologiyasına necə təsir edir? Daim nəzarət altında böyümək onların özünəinamına, müstəqilliyinə və gələcəkdə qərar vermək qabiliyyətinə təsir göstərə bilərmi? Həddindən artıq valideyn narahatlığı uşaqlarda qorxu və təşviş yaradırmı?
Bu barədə psixoloq Vüsalə Əmiraslanova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, övladın tərbiyəsi həm mürəkkəb, həm də məsuliyyətli bir prosesdir və bu prosesdə valideynlərin birgə qərarlar verməsi və düzgün tərbiyə üsulunu müəyyənləşdirməsi çox vacibdir:

“Bəzən uşaqlarımıza həddindən artıq sevgi göstərir, bəzən isə onlara kifayət qədər sevgi və diqqət ayırmırıq. Halbuki bu məsələdə tarazlığı qorumaq lazımdır. Sevgini, cəzanı və mükafatı yerində və düzgün şəkildə tətbiq etməyi bacarmalıyıq. Təəssüf ki, övladlarımızla məşğul olarkən bəzən bu nüansları unuduruq və nəticədə onların həyatında böyük boşluqlar yaranır. Bəzən uşaqlara o qədər rahatlıq və komfort yaradırıq ki, onlar artıq heç nə etmək istəmir, hər şeyi valideynlərindən gözləyirlər. Nəticədə sərbəst və müstəqil ola bilmirlər. Bəzən də əksinə, onların əvəzinə hər şeyi özümüz etdiyimiz üçün uşaqlar çətinliklərlə üzləşdikdə onlara dözə bilmirlər. Beləliklə, yenə də iradəsiz bir övlada çevrilirlər”.
Mütəxəssis uşaqların psixologiyasına mənfi təsir göstərməmək üçün nə həddindən artıq sevgi və qayğı göstərmək, nə də sevgidən və diqqətdən məhrum etməmək lazım olduğunu vurğulayıb:
“Eyni zamanda, ya hər şeyi uşağın əvəzinə həll etmək, ya da ümumiyyətlə ona dəstək olmamaq düzgün yanaşma deyil. Liberal yanaşma ilə avtoritar münasibət arasında müəyyən bir xətt olmalıdır. Hər məsələdə qızıl ortaya diqqət yetirməliyik. Bu məsələlərdə valideynlərin özlərinin psixoloji baxımdan rahat olması da mütləqdir. Mən artıq 17 ildir ki, psixoloq kimi fəaliyyət göstərirəm və hər zaman valideynlərə deyirəm ki, ilk növbədə özünüz rahat olun, düşüncələrinizi qaydaya salın və uşaqlarınızın qarşısında özünüzü günahlandırmayın. Unutmayın ki, siz də ilk dəfə valideyn olmusunuz, övladınız da ilk dəfə uşaq olur. Hər ikinizin səhvləri və doğruları ola bilər.
Əslində, siz birlikdə böyüyürsünüz. Ona görə də valideynlər ilk növbədə özlərinin psixoloji rahatlığını təmin etməli, daha sonra övladlarının tərbiyəsi haqqında düşünməlidirlər. Uşaqlara həyatı dərk etməyi, hadisələrə düzgün yanaşmağı öyrətmək lazımdır. Onları qorxudaraq həyata hazırlamaq əvəzinə, baş verən hadisələri tədricən izah etməli, vəziyyətləri təhlil edərək səhvlərdən yayınmalarına kömək etməliyik. Əlbəttə ki, səhv etməyən nə uşaq, nə də böyük var. Əsas məqsəd uşaqların daha ciddi səhvlər etməsinin qarşısını almağa çalışmaqdır. Bununla yanaşı, onlara müəyyən sərbəstlik də verməliyik ki, lazım gəldikdə özləri qərar qəbul etməyi bacarsınlar. Əks halda, gələcəkdə başqalarından asılı bir insana çevrilə bilərlər”.
Bəsti Rəfizadə
Sfera.az






