UST-dən xəbərdarlıq: 170 milyon uşaq piylənmə ilə yaşayır

UST-dən xəbərdarlıq: 170 milyon uşaq piylənmə ilə yaşayır
Kateqoriya məlum deyil
T

ÜST uşaqlar və yeniyetmələr arasında piylənmənin artımını əhatə edən ilk təlimatına dair hesabat yayıb. Sənəddə səhiyyə sistemləri və tibb işçilərinin piylənmə ilə yaşayan uşaqlara vaxtında, elmi sübutlara əsaslanan və insan mərkəzli tibbi yardım göstərə bilməsi üçün yanaşmalar təqdim olunub.

Sfera.az xəbər verir ki, hesabatda bildirilib ki, 2024-cü ildə 5-9 yaş arasında 70 milyon uşaq və 10-19 yaş arasında 100 milyon yeniyetmə olmaqla, ümumilikdə 5-19 yaş qrupunda 170 milyon uşaq və yeniyetmə piylənmə ilə yaşayıb.

Sənəddə qeyd olunub ki, bu yaş qrupunda piylənmənin yayılma səviyyəsi 1990-cı ildən bu yana 4 dəfə artaraq 2 faizdən 8 faizə yüksəlib.

ÜST piylənmənin effektiv müalicə ilə idarə oluna bilən xroniki və təkrarlanan xəstəlik olduğunu bildirib. Qeyd olunub ki, piylənmənin fəsadları həyatın erkən dövrlərində ortaya çıxa bilər və 2-ci tip diabet, ürək-damar xəstəlikləri də daxil olmaqla, qeyri-infeksion xəstəliklərin yaranma riskini artıra bilər.

Hesabatda piylənmə ilə yaşayan uşaqların və yeniyetmələrin ayrı-seçkilik və zorakılığa məruz qala biləcəyi də vurğulanıb.

“Uşaqlar və yeniyetmələr arasında piylənmənin qarşısının alınması və idarə olunması onların fiziki və psixi sağlamlığının qorunması, sağlam böyüməsinin, təhsilinin, sosial rifahının və həyat keyfiyyətinin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə hesabatda bildirilib.

ÜST piylənmə ilə yaşayan uşaqlar və yeniyetmələr üçün fərdi şəkildə və ya kompleks proqramın tərkibində strukturlaşdırılmış qidalanma, fiziki aktivlik və davranış dəyişikliklərinə yönəlmiş müdaxilələri güclü şəkildə tövsiyə edib.

Hesabatda rəqəmsal səhiyyə müdaxilələrinin isə valideyn və ya digər qayğı göstərən şəxsin nəzarəti altında müəyyən şərtlərlə tətbiq oluna biləcəyi qeyd edilib.

ÜST 0-9 yaş arasında olan uşaqlar üçün dərman müalicəsini, bariatrik cərrahiyyəni, yəni mədə və ya həzm sisteminin dəyişdirilməsi yolu ilə həyata keçirilən arıqlama əməliyyatlarını, eləcə də çəki azaltmaq üçün tibbi cihazların istifadəsini tövsiyə etmir.

10-19 yaş arasında olan yeniyetmələrdə təsdiqlənmiş dərman preparatları ilə müalicə yalnız nəzarət altında həyata keçirilən kompleks həyat tərzi proqramı ilə arzu olunan nəticə əldə edilmədikdə nəzərdən keçirilə bilər.

Şiddətli piylənməsi olan yeniyetmələr üçün bariatrik cərrahiyyənin isə yalnız ciddi şərtlər daxilində nəzərdən keçirilə biləcəyi bildirilib.

Hesabatda piylənmə ilə yanaşı, uşaqların və yeniyetmələrin psixi sağlamlığının da diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb. Narahatlıq, depressiya, özünəinamın aşağı olması və emosional qeyri-sabitlik sağlam olmayan qidalanma davranışlarına, fiziki hərəkətsizliyə və sosial təcridə səbəb ola bilər.

ÜST piylənmə ilə yaşayan uşaqların və yeniyetmələrin emosional rifahına mənfi təsir göstərən təcrid və zorakılıq halları ilə üzləşə biləcəyini də qeyd edib.

“İnsan sağlamlığı üzrə mütəxəssislər inklüziv, yaşa və inkişaf səviyyəsinə uyğun, ailə yönümlü strategiyalardan istifadə etməklə həm piylənməni, həm də psixi sağlamlıq problemlərini erkən mərhələdə və birlikdə nəzərdən keçirməlidirlər”, - deyə hesabatda bildirilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR