Papa Trampla razılaşmadı: “Bu, saxta xəbər deyil”

Papa Trampla razılaşmadı: “Bu, saxta xəbər deyil”
Kateqoriya məlum deyil
T

Roma Papası XIV Leo süni intellektin nəzarətdən çıxması ilə bağlı narahatlıqların “saxta xəbər” olmadığını və bu məsələyə ciddi yanaşılmalı olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Papa bu barədə Fransaya dörd günlük səfərini başa vurduqdan sonra Romaya qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ondan ABŞ və xüsusilə Çinin süni intellektin bəşəriyyət üçün fəlakətli risklər yaratmasının qarşısını almaq üçün hansı addımları atmalı olduğu soruşulub.

XIV Leo bildirib ki, süni intellektin yaratdığı risklərlə bağlı mütəxəssislərin narahatlıqları ciddi şəkildə müzakirə olunmalıdır.

“Bu, düşünürəm ki, oturub danışmalı olduğumuz problemdir. Heç nə baş verməyəcəkmiş kimi oturub gözləyə bilmərik”, – deyə Papa qeyd edib.

O, süni intellektlə bağlı narahatlıqların onu təşvişə salmadığını da vurğulayıb:

“Əgər kimsə məndən ‘Təşviş içindəsinizmi?’ deyə soruşsa, xeyr, deyiləm. Gecələr rahat yatıram. Amma düşünürəm ki, süni intellekt üzrə bir çox ekspert və mütəxəssisin səsləndirdiyi narahatlıqlar ciddi qəbul edilməlidir”.

Papa bildirib ki, bu narahatlıqları maliyyə və ya digər maraqlar əldə etmək üçün ortaya atılan “saxta xəbər” kimi qiymətləndirmək düzgün deyil.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp süni intellektin sürətli inkişafı və onun nəzarətdən çıxması ilə bağlı narahatlıqları dəfələrlə rədd edib. O, bu cür xəbərdarlıqları siyasi rəqiblərinin yaydığı “saxta xəbər” və “sui-qəsd” kimi qiymətləndirib.

Bununla yanaşı, bir sıra böyük süni intellekt şirkətləri texnologiyanın inkişaf tempinin yavaşladılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib. "Anthropic" şirkətinin baş direktoru Dario Amodei isə süni intellektin yaxın aylarda internet üzərində genişmiqyaslı əməliyyatlar həyata keçirə biləcək səviyyəyə çatmasının mümkünlüyü barədə xəbərdarlıq edib.

Ağ Evin məlumatına görə, Tramp bazar günü Amodei ilə şam yeməyində görüşüb və tərəflər amerikalıların süni intellektlə bağlı narahatlıqlarını, eləcə də ABŞ-nin bu sahədə liderliyini necə qoruyacağını müzakirə ediblər.

XIV Leo süni intellekt sahəsində daha ciddi tənzimləmələrin tətbiqinə və texnologiyanın inkişaf tempinin müəyyən qədər yavaşladılmasına çağırıb. O, siyasi liderlərin, süni intellekt şirkətlərinin rəhbərlərinin və ictimai təşkilatların bir araya gələrək texnologiyanın hazırkı və gələcək təsirlərini müzakirə etməli olduğunu deyib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR