“iPhone” oğurlananda bu funksiya işə düşəcək

“Apple” smartfon oğurluğuna qarşı yeni təhlükəsizlik sistemi üzərində işləyir. iOS 27.2 beta 2 versiyasının kodlarında aşkarlanan və daxildə “AutoLock” adlandırılan yeni funksiya “iPhone”-un istifadəçinin əlindən zorla alındığını müəyyən edərək cihazı avtomatik kilidləməyi hədəfləyir.
Sfera.az xəbər verir ki, yeni sistem oğurluq zamanı yaranan şübhəli hərəkətləri və bağlantı kəsilmələrini analiz edəcək.
Funksiya telefonun qəfil hərəkət etdirilməsi nəticəsində yaranan kəskin sürətlənmələri və qoşalaşdırılmış Apple Watch ilə əlaqənin kəsilməsini əsas siqnallar kimi izləyəcək. Həmçinin saatın müəyyən müddət əlçatmaz olması, telefonun uzun müddət şəbəkə bağlantısını itirməsi və cihazın müəyyən vaxt ərzində kilidsiz qalması da oğurluq şübhəsi yaradan amillər arasında olacaq.
Sistem yanlış kilidlənmələrin qarşısını almaq üçün uğurlu biometrik doğrulamaları və cihazın təhlükəsiz məkanlarda olmasını da nəzərə alacaq. Bəzi tətbiqlərdə aparılan fəaliyyətlər və tanış məkanlar isə kilidləmə prosesinin qarşısını ala biləcək.
Funksiya hələ sınaq mərhələsindədir
“Apple” hazırda sistemin arxa planda işləyən aşkarlama mexanizmini aktiv saxlayır, lakin telefonu faktiki olaraq kilidləyən funksiyanı sınaq məqsədilə deaktiv edib.
Yeni oğurluq əleyhinə funksiyanın istifadəçilər üçün nə vaxt təqdim olunacağı isə hələlik məlum deyil.
Mənsumə






