Ozon dəliyi rekord səviyyədə kiçildi

Antarktida üzərindəki ozon dəliyinin ölçüsü 2025-ci ildə son onilliklərin ən aşağı göstəricilərindən birinə düşüb.
Sfera.az xəbər verir ki, Dünya Meteorologiya Təşkilatının (DMT) açıqladığı son məlumatlara görə, Antarktida üzərindəki ozon təbəqəsində yaranan dəliyin həm ölçüsü, həm də dərinliyi ardıcıl ikinci ildir 1990-2010-cu illərin orta göstəricisindən xeyli aşağı olub.
Günəşdən Yerə çatan zərərli ultrabənövşəyi şüaları süzən ozon təbəqəsi vaxtilə geniş istifadə olunan xloroflüorkarbon qazları səbəbindən ciddi zərər görüb. Bu zərərli sintetik kimyəvi maddələrin istifadəsinin mərhələli şəkildə dayandırılması məqsədilə 1987-ci ildə 197 ölkə və Avropa İttifaqı Montreal Protokoluna imza atıb.
Son hesabatda qeyd olunur ki, 2025-ci ildə ozon dəliyinin ölçüsü onun daralma əlamətlərinin ilk dəfə qeydə alındığı 1992-ci ildən bəri müşahidə olunan ən aşağı dördüncü və ya beşinci göstərici olub. Atmosferə yayılan zərərli qazların uzunömürlü olması səbəbindən ozon təbəqəsinin bərpası prosesi yavaş gedir.
Buna baxmayaraq, ümumi vəziyyətin müsbət istiqamətdə dəyişdiyi bildirilib. Dünya Meteorologiya Təşkilatının Baş katibi Celeste Saulo ozon təbəqəsinin 2000-ci ildən etibarən bərpa olunduğunu və onun bir neçə onillik ərzində tamamilə sağalmasının gözlənildiyini bildirib. Atmosfer kimyaçısı professor Con Pile isə mövcud tendensiyanın davam edəcəyi təqdirdə ozon təbəqəsinin tam bərpasının XXI əsrin ikinci yarısında mümkün ola biləcəyini qeyd edib.
Bəsti Rəfizadə






