“YouTube”-da yeni məhdudiyyətlər tətbiq olunur

“Google” uşaqları və yeniyetmələri qorumaq məqsədilə Türkiyədə “YouTube” və digər xidmətlərində süni intellekt əsaslı yaş təxminetmə sistemini istifadəyə verib.
Sfera.az xəbər verir ki, tədricən tətbiq olunan texnologiya istifadəçilərin 18 yaşdan aşağı olub-olmadığını hesab fəaliyyətləri əsasında avtomatik müəyyənləşdirəcək.
Sistem istifadəçilərin axtarış vərdişlərini, izlədikləri məzmunu və hesabın yaşını təhlil edərək onların yetkinlik yaşına çatıb-çatmadığını müəyyənləşdirəcək.
Yaşı səhv təxmin edilən şəxslər şəxsiyyət vəsiqəsinin fotosu və ya canlı selfi vasitəsilə yaşlarını təsdiqləyə biləcəklər. Yoxlama başa çatdıqdan sonra təqdim olunan sənədlər və selfi görüntüləri silinəcək.
18 yaşdan aşağı istifadəçilər üçün yaş məhdudiyyətli məzmunlara giriş bloklanacaq, fasilə və yuxu xatırlatmaları aktivləşdiriləcək. Fərdiləşdirilmiş reklamlar deaktiv ediləcək, həssas reklam kateqoriyalarına məhdudiyyət qoyulacaq.
Bundan əlavə, “Google” Xəritələrdəki "Zaman qrafiki” funksiyası bağlanacaq, “Google Play”-də böyüklər üçün nəzərdə tutulan tətbiqlərə giriş məhdudlaşdırılacaq.
Mənsumə






