Anasına kobud davranan oğula məhkəmədən SƏRT QƏRAR

Anasına kobud davranan oğula məhkəmədən SƏRT QƏRAR
Kateqoriya məlum deyil
T

Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair mülki işə baxılıb.

Biləsuvar Rayon Məhkəməsindən Sfera.az-a verilən məlumata görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, bunun nəticəsində ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirib.

Ana gələcəkdə ona məxsus əmlakdan oğlunun məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh isə iddianı qəbul etməyib. O, ailə üzvləri ilə aralarında yaranan mübahisənin əmlakın satılması məsələsindən qaynaqlandığını bildirib. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini, polis orqanlarına edilmiş müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb.

Qətnamədə qeyd olunub ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanıyır. Bununla belə, qanunda nəzərdə tutulan əsaslar olduqda miras qoyan şəxs hələ sağlığında məhkəməyə müraciət edərək məcburi pay hüququ olan şəxsin bu hüquqdan məhrum edilməsini tələb edə bilər. İş üzrə sübutları məcmu şəkildə qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib.

Cavabdehin anasına münasibətdə davranışı miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirilib. Məhkəmə həmçinin ailə münasibətlərinin yalnız hüquqi qohumluqla məhdudlaşmadığını, qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva etdiyini vurğulayıb. Konkret işdə tərəflər arasındakı bu münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.

Qeyd edilib ki, mirasda məcburi pay institutu yaxın ailə üzvlərinin mənafelərinin qorunmasına xidmət etsə də, bu hüquq mütləq xarakter daşımır. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvədə olacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR