Çində robot inqilabı: Robotlar özləri robot yığır

Çində robotların digər robotların istehsal prosesində iştirak etdiyi yeni humanoid robot zavodu fəaliyyətə başlayıb.
Sfera.az xəbər verir ki, “UBTECH Robotics” şirkəti Çinin Quansi-Cjuan Muxtar Rayonunun Lyucou şəhərində yeni “ağıllı” zavodunu istifadəyə verib.
Müəssisənin illik istehsal gücünün 10 mindən çox humanoid robot olması nəzərdə tutulur. Şirkətin məlumatına görə, istehsal xətti hər 10 dəqiqədən bir bir humanoid robot hazırlaya biləcək. 14 min kvadratmetr ərazini əhatə edən zavodda əsasən “UBTECH”in “Walker S” və “Cruzr” seriyalı sənaye humanoid robotlarının istehsalı həyata keçiriləcək. Zavodun hündürlüyü 13,8 metrdir.
Maraqlı məqam isə ondan ibarətdir ki, robotlar burada təkcə istehsal olunmur, istehsal prosesinin özündə də iştirak edirlər. “Cruzr Y1” və “Cruzr S2” kimi robotlar materialların boşaldılması, yüklənməsi, daşınması və istehsal xəttinə çatdırılması kimi işləri yerinə yetirir. Bundan başqa, avtomatlaşdırılmış nəqliyyat vasitələri və robot qolları da montaj prosesində istifadə olunur.
Zavod “Siemens Digital Industries Software” ilə əməkdaşlıq çərçivəsində qurulub. İstehsal prosesinin idarə olunması, materialların hərəkəti və keyfiyyətə nəzarət rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Hazır robotların hər biri ayrıca seriya nömrəsi ilə qeydiyyata alınır və onun istehsal prosesi boyunca keçdiyi mərhələlər izlənilir. Bu addım Çinin humanoid robotları laboratoriya və nümayiş mərhələsindən çıxarıb kütləvi istehsala keçirmək cəhdlərinin göstəricisi kimi qiymətləndirilir.
Bununla belə, robotların real istehsalatda geniş və müstəqil fəaliyyət göstərməsi qarşısında hələ də texniki məhdudiyyətlərin olduğu bildirilir. “Reuters”in avqustda yayımladığı araşdırmaya görə, Çində humanoid robotların çeviklik, müstəqil qərarvermə və mürəkkəb tapşırıqları insan kimi yerinə yetirməsi ilə bağlı problemlər qalmaqdadır.
Firuzə Əliyeva
Sfera.az






