Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası bu il yekunlaşacaq
Azərbaycanda Böyük Qayıdış prosesi yeni mərhələyə qədəm qoyur. 2027-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin kütləvi şəkildə köçürülməsi nəzərdə tutulub. Proses çərçivəsində hər bir ailənin doğma yurduna qayıtması və orada yaşayış evi ilə təmin olunması planlaşdırılıb.
Sfera.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı məlumat verib. Deputatın sözlərinə görə, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası 2026-cı ildə yekunlaşacaq:
“2027-2030-cu illəri əhatə edəcək növbəti proqram isə azad edilmiş ərazilərdə məskunlaşma prosesinin davam etdirilməsini nəzərdə tutur. Hazırda həmin ərazilərdə təxminən 100 min nəfər yaşayır, işləyir və təhsil alır. Onlardan 41213 nəfəri daimi olaraq doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərdir. Məskunlaşma baxımından Ağdam və Cəbrayıl rayonları ön sıralardadır. Belə ki, Ağdama 8 300, Cəbrayıla isə 7 112 nəfər köçüb”.
Deputat vurğulayıb ki, qarşıdakı aylarda və xüsusilə 2027-ci ildə köç prosesi daha geniş miqyas alacaq. Onun sözlərinə görə, heç bir keçmiş məcburi köçkün bu prosesdən kənarda qalmayacaq və hər kəsə ata-baba yurdunda ev təklif ediləcək. V.Bayramov bunu Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi kimi qiymətləndirib.
Çıxışında azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunan deputat qeyd edib ki, son altı ildə bu məqsədlə dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb:
“Həmin dövrdə ümumi uzunluğu 3 720,5 kilometr olan 64 avtomobil yolunun tikintisinə başlanılıb və ya işlər davam etdirilir. Artıq 17 layihə üzrə 1 338 kilometr yol istifadəyə hazır vəziyyətə gətirilib. Bununla yanaşı, strateji əhəmiyyət daşıyan üç beynəlxalq hava limanı fəaliyyətə başlayıb. 2020-ci illə müqayisədə Qarabağ iqtisadi rayonunda əsas sahələr üzrə məhsul buraxılışı təxminən dörd dəfə artaraq 6 milyard manata çatıb. Şərqi Zəngəzur iqtisadi rayonunda isə artım 30 dəfədən çox olub və göstərici 4 milyard manatı ötüb.
Hazırda Şərqi Zəngəzurda sənaye məhsullarının istehsalı 100 milyon manata, kənd təsərrüfatı məhsullarının istehsalı isə 170 milyon manatdan artıq həcmə çatıb”.
Vüqar Bayramov əlavə edib ki, Prezident İlham Əliyev son altı il ərzində işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib. Dövlət başçısı bu müddətdə 180-dən artıq layihənin təməlqoyma mərasimində iştirak edib, 170-dən çox obyektin açılışını edib.
Bəsti Rəfizadə
Sfera.az






