İran müharibəsi nə vaxt bitəcək?

ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibənin nə zaman başa çatacağını açıqlayıb. Tramp "Bu müharibə seçkilərimizdən dərhal sonra sona çatacaq" deyə bildirib.
Sfera.az xəbər verir ki, ABŞ dövlət başçısı noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının Texas ştatının Dallas şəhərində təşkil etdiyi Seçki Konqresinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistin "Neft və təbii qaz qiymətlərinin düşəcəyini demişdiniz. Hazırda neftin qiyməti yenidən 100 dolları keçib. Bunu amerikalılara necə izah edirsiniz?" sualına Tramp belə cavab verib:
"Amerikalılara bunu izah etmək çox asandır. Sadəcə soruşmaq lazımdır: İranın nüvə silahına sahib olmasına icazə verirsinizmi? Cavab: xeyr. Seçkidən dərhal sonra neft qiymətləri kəskin aşağı düşəcək. Qiymətləri qallon üçün 2 dollardan aşağı endirəcəyik."
Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığına da toxunan Tramp deyib:
“Putinlə möhtəşəm bir görüşümüz oldu. O, saziş bağlamaq istəyir. Zelenski də razılığa gəlmək istəsə, bu çox yaxşı olar".
Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla 12 ölkənin İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi məskənlərindən gələn malların ticarətinə sanksiya tətbiq etməsinə münasibət bildirən ABŞ prezidenti belə deyib:
“İsrail və bu ölkələrlə danışıb nə düşündüklərini öyrənəcəyəm. Nələrin baş verdiyini dəqiq anlayıram, lakin bunun nə üçün qəfildən baş verdiyini bilmək istəyirəm."
İranla gərginliyə toxunan Tramp prosesin gedişatı ilə bağlı qəti mövqeyini nümayiş etdirib:
"İranla hər hansı danışıqlar aparmağı düşünmürük. Müzakirələr baş tuta bilər, lakin bu hazırda gündəmimizdə deyil. Bu müharibə seçkilərimizdən dərhal sonra başa çatacaq."
Hürmüz boğazındakı əməliyyatların intensivləşəcəyinə işarə edən Tramp "Onların 9 gəmisini sıradan çıxardıq. Bu zərbələrin məsuliyyətini öz üzərimizə götürürük və daha çoxunu da görəcəksiniz" deyə əlavə edib.
İranın ABŞ-dəki seçkilərə təsir göstərməyə çalışdığını iddia edən Tramp çıxışını bu sözlərlə yekunlaşdırıb:
"Onlar ABŞ-dəki seçkilərə təsir etmək üçün sözün həqiqi mənasında çarəsiz bir cəhd içindədirlər. Məqsədləri burada özlərinə mane olmayacaq zəif bir hakimiyyətin gəlməsini təmin etməkdir. Beləliklə, rahat şəkildə nüvə silahı əldə etmək istəyirlər."
Mənsumə






