Trampın sosial media paylaşımları diqqətçəkdi

Ağ Ev ABŞ Prezidenti Donald Trampı süni intellekt vasitəsilə yenidən təsvir edərək "Yaşıl Fənər" (Green Lantern) cildində təqdim edib. Kadrlıların sosial şəbəkələrdə paylaşılması ilə mövzu qısa müddətdə gündəmə çevrilib. ABŞ dövlət başçısı son günlər sosial media hesablarındakı paylaşımları ilə diqqət mərkəzindədir.
Sfera.az xəbər verir ki, Tramp ilk olaraq özünə məxsus "Truth Social" platformasında arxa fonda Yer kürəsi və ABŞ bayrağının yer aldığı yaxın plan Ay fotosu paylaşıb. Şəklin üzərinə "Ay bizimdir" sözlərini qeyd edən Tramp, ölkəsinin kosmik sahədəki iddialı mövqeyini bir daha nümayiş etdirib.
Bu paylaşımdan dərhal əvvəl isə o, ABŞ Kosmik Qüvvələri üçün hazırlanan rəsmi hərbi geyim dizaynlarını təqdim edib. Boz və qara rəng tonlarının üstünlük təşkil etdiyi fütüristik geyimdə tüstü rəngli yaxalı pencək, eyni tonda şalvar, qara kəmər, qara çəkmələr və uyğun papaq yer alır. Təqdimat kartında geyimin "Ulduz gəmisi əsgərləri" (Starship Troopers) formasının intizam və funksionallığından təsirlənərək hazırlandığı bildirilib. Həmçinin bu formanın "Kosmos sahəsinin mühafizəçiləri" üçün modernləşdirildiyi qeyd olunub.
Kosmos mövzulu mesajların ardınca Ağ Ev süni intellektlə hazırlanan və Trampı "Yaşıl Fənər" cildində təsvir edən video çarx yayımlayıb. Geniş müzakirələrə səbəb olan videoda Tramp parıldayan yaşıl güc üzüyü taxır. O, bu üzükdən saçılan işığı miqrasiya və ABŞ istehsalat sektoruna dair kadrlar üzərinə yönəldir. Kadrlardan birində Tramp üzərində "Amerika istehsalı" yazılmış sənaye obyektlərinə tərəf boylanan qayalıqda dayanır.
Ağ Ev rəhbərliyi videonun təsvir hissəsinə "DC Comics" kainatındakı superqəhrəmanın andını əlavə edib:
"Ən aydın gündə, ən qaranlıq gecədə, heç bir şər gözümdən qaçmaz. Şərin qüvvəsinə sitayiş edənlər gücümdən çəkinsinlər... Yaşıl Fənərin işığından."
Paylaşımın "Lanterns" serialının yeni bölümündən dərhal əvvəl edilməsi də diqqətçəkib.
"DC Comics" komiks kainatında "Yaşıl Fənər" titulu təxəyyül etdikləri hər şeyi yarada bilən qüdrətli üzüklərə sahib müxtəlif obrazlara verilir. Komikslərdə yer alan "Yaşıl Fənər Korpusu" Oa planetindəki əbədi "Kainat Mühafizəçiləri" tərəfindən idarə olunan qalaktikalararası hüquq-mühafizə və sülhməramlı təşkilatdır. Korpus üzvlərinin iradə gücü ilə çalışan üzükləri istifadəçiyə uçmaq, kosmik fəzada sağ qalmaq və bərk yaşıl enerjidən obyektlər yaratmaq imkanı verir. Kainat 3 600 sektora bölünüb və müxtəlif üzvlər müəyyən olunmuş ərazilərin təhlükəsizliyinə cavabdehdir.
Ən tanınmış "Yaşıl Fənər"lər arasında 1940-cı ildə yaradılan, gücünü kosmik korpusdan deyil, sehrli üzük və mistik fənərdən alan ilk "Qızıl dövr" qəhrəmanı Alan Skott yer alır.
Mənsumə








