Uşağı məktəbə başlayan valideynlərə 3 saatlıq icazə: Azərbaycanda tətbiq oluna bilərmi?

2026-2027-ci tədris ili ərəfəsində Türkiyədə məktəbəqədər, ibtidai siniflərin 1-ci və orta məktəbin 5-ci siniflərinə başlayacaq şagirdlər üçün “Uyğunlaşma həftəsi”nə start verilib.
Proqram sentyabrın 11-dək davam edəcək. Bu çərçivədə dövlət qurumlarında çalışan və övladı məktəbə yeni başlayan valideynlər üçün də xüsusi imkan yaradılıb. Belə ki, valideynlərdən biri müraciət etdiyi halda, uşağın dərs saatlarına uyğun olaraq gündə 3 saata qədər inzibati icazəli hesab edilə biləcək. Yəni uşaq yeni mühitə uyğunlaşarkən valideynlərdən biri onun dərs saatlarına uyğun olaraq gündə maksimum 3 saat işdən icazəli sayılacaq.
Bu müddətdə valideyn uşağı məktəbə aparıb-gətirə və uyğunlaşma prosesində yanında ola bilər.
Azərbaycanda da belə bir praktikanın tətbiqinə ehtiyac varmı? Uşağın məktəbə ilk günlərində valideynin yanında olması onun uyğunlaşmasına nə dərəcədə təsir edir? Xüsusilə, 1-ci sinfə başlayan uşaqlar üçün belə bir icazə mexanizmi faydalı ola bilərmi?
Bu haqda Sfera.az-a açıqlama verən TİHA sədri, təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, Türkiyənin tətbiq etdiyi bu model ilk baxışdan sadə görünə bilər, amma mahiyyətcə həm psixoloji, həm pedaqoji, həm də sosial baxımdan çox dərin və dəqiq düşünülmüş bir addımdır. O, Azərbaycanda da belə bir mexanizmin tətbiqinə təkcə ehtiyac baxımından yox, təhsil və ailə institutuna qarşı müasir bir addım ola biləcəyini açıqlayıb:

“Məsələyə mən iki prizmadan baxmaq istəyirəm. Birincisi, 6-7 yaşlı uşaq üçün birinci sinfə başlamaq həyatındakı ən böyük radikal dəyişikliklərdən biridir. O, tanıdığı, güvəndiyi ev və yaxud bağça mühitindən çıxıb, tamamilə özgə, qaydaları və tələbləri olan yeni bir cəmiyyətə daxil olur. Bu zaman uşaqda adaptasiya stresi və ayrılıq təşvişi yarana bilər. Əgər uşaq ilk günlərdə valideyninin məktəbin həyətində, dəhlizdə və ya yaxınlıqda olduğunu bilirsə, bu, onda güclü psixoloji arxayınlıq yaradır. Valideynin oradakı varlığı uşağa deyir ki, bu yeni yer təhlükəsiz bir mühitdir, mən səni bura atıb getməmişəm. Nəticədə uşaq məktəbi bir təcrid olunma yeri kimi deyil, təhlükəsiz öyrənmə mühiti kimi qəbul edir. Bizdə reallıq necədir? Birinci sinif şagirdinin valideyni sentyabrın ilk həftəsində böyük gərginlik yaşayır. Ya işə gecikir, ya qeyri-rəsmi icazə almaq üçün rəhbərliklə problemlər yaşayır, ya da məcbur qalıb öz hesabına məzuniyyət götürür. Yəni valideyn də məktəblə eyni vaxtda stressə girir”.
Ekspert Azərbaycanın bu modelə keçəcəyi təqdirdə hansı üstünlüklər əldə edəcəyini izah edib:
“Türkiyə təcrübəsindəki kimi rəsmi 3 saatlıq icazə mexanizmi tətbiq olunsa, valideyn həm işini itirmək və yaxud da rəhbərliklə üz-üzə gəlmək qorxusu olmadan övladının yanında ola biləcək, həm də işləyən ataların bu prosesdə aktiv iştirakına şərait yaradılacaq. Bizdə adətən uşağı məktəbə aparmaq ananın üzərində qalır, amma belə bir rəsmi imkan ataların da məktəb həyatının ilk günündən övladının yanında olmasına yol açar. Azərbaycanda uyğunlaşma həftəsi çərçivəsində Əmək Məcəlləsinə və yaxud müvafiq qaydalara birinci sinfə övladı gedən valideynlər üçün gündəlik 2-3 saatlıq icazə hüququnun daxil edilməsi çox mütərəqqi bir addım olar. Bu, sadəcə uşağın məktəbə rahat adaptasiya olunması məsələsi deyil, həm də dövlətin, təhsil sisteminin və işəgötürənin ailəyə, uşağın psixoloji rifahına verdiyi dəyərin göstəricisinə çevrilər”.
Bəsti Rəfizadə






