Gecələr çox düşünənlər diqqət! – Mütəxəssis xəbərdarlıq etdi

Gündüz iş, telefon, sosial media və gündəlik məsuliyyətlər insanın diqqətini daim məşğul edir. Gecə isə bu amillər azaldıqda insanın öz düşüncələri ilə daha çox baş-başa qalması fikirlərin daha qabarıq hiss olunmasına səbəb olur.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis psixoloq Beste Çokaygilin sözlərinə görə, gecə insanın zehnini məşğul edən düşüncələr əksər hallarda yeni olmur. Sadəcə sakitlik yarandığı üçün gündüz fərq edilməyən fikirlər daha aydın hiss edilir.
Çokaygil bildirib ki, günün sonunda təkcə bədən deyil, zehin də yorulur. Yorğun zehin emosiyaları idarə etməkdə və hadisələrə soyuqqanlı yanaşmaqda daha çox çətinlik çəkir. Buna görə gündüz asan həll edilə bilən bir məsələ gecə daha mürəkkəb və ümidsiz görünə bilər.
Mütəxəssis xüsusilə gecə saatlarında mühüm qərarlar qəbul etməməyi, məsələlərə səhər yenidən baxmağı tövsiyə edib.
Psixoloqun sözlərinə görə, gecələr düşüncələrin eyni mövzu ətrafında təkrar-təkrar dolaşması “ruminasiya”, yəni zehni gövşətmə adlanır. Bu zaman insan problemi həll etdiyini düşünsə də əslində eyni narahatlıqların ətrafında dövr edə bilər.
Çokaygil gecə artan düşüncələri azaltmaq üçün ağla gələn fikirləri qısa şəkildə qeyd etməyi, “Bunu sabah düşünəcəyəm” deyərək zehnə sərhəd qoymağı, yatmazdan əvvəl telefon və digər ekranlardan istifadəni azaltmağı tövsiyə edib.
O əlavə edib ki, güclü narahatlıq, düşüncələri dayandıra bilməmək və yuxu problemləri uzun müddət davam edərsə peşəkar dəstəyə müraciət etmək lazımdır.
Mənsumə






