Rusiyadan İrana gizli raket texnologiyası – “Financial Times”dan şok iddia

“Financial Times” Rusiya ilə İran arasında gizli hərbi layihə həyata keçirildiyini iddia edib. Qəzetin ABŞ kəşfiyyatından sızdığı bildirilən yazışmalar, səyahət məlumatları və hərbi patentlər əsasında hazırladığı araşdırmaya görə, Moskva Tehrana hipersəsli qanadlı raketlərin hazırlanmasında yardım göstərib.
Sfera.az xəbər verir ki, məlumata görə, “C340L” kod adlı proqram 2023-cü ildə başlayıb və sonrakı illərdə də davam edib. Layihənin əsas istiqamətlərindən birinin ramjet mühərrik texnologiyasının inkişaf etdirilməsi olduğu bildirilir.
Ramjet sistemləri yüksək sürətdə itələmə qüvvəsi yarada bilir. Bu texnologiya raketlərin daha yüksək sürətlə uçmasına, aşağı hündürlükdə hərəkət etməsinə və nəticədə hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasının çətinləşməsinə imkan verə bilər.
“Financial Times”ın məlumatına görə, rusiyalı mühəndislər İranın keçirdiyi sınaq uçuşlarından əldə olunan məlumatları təhlil edib və uçuşun nəticələri ilə bağlı detallı suallar hazırlayıblar. Bəzi rusiyalı mütəxəssislərin 2023-cü ildə müqavilə imzalanmazdan əvvəl İrana səfər etdiyi də iddia olunur.
Mütəxəssislər hesab edir ki, İranın bu texnologiyanı effektiv şəkildə istifadəyə verməsi xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni təhlükə yarada bilər. Çünki belə raketlər yüksək sürət və aşağı uçuş hündürlüyü sayəsində mövcud müdafiə sistemləri üçün daha çətin hədəfə çevrilə bilər.
Bununla yanaşı, İranın ramjet mühərrikli raket sistemi hazırladığı və sınaqdan keçirdiyi iddia edilsə də, həmin raketin real döyüş şəraitində istifadə edildiyini təsdiqləyən hələlik hər hansı sübut yoxdur.
Mənsumə






