Dolğu etdirənlər diqqətli olsunlar - Həkimlərdən ciddi xəbərdarlıq

Son illərdə tibbi-estetik prosedurlara maraq artır. Xüsusilə dolğu tətbiqləri qadınların ən çox müraciət etdiyi estetik prosedurlardan biri olaraq qalır. Lakin sosial mediada zaman-zaman rast gəlinən, üz ifadəsini dəyişdirən və ya dodaqları üzün ümumi proporsiyasından kənara çıxaran nəticələr göstərir ki, estetik müdaxilələrdə “daha çox” hər zaman “daha yaxşı” demək deyil.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrlərdə isə daha nəzərəçarpan və süni görünüş əvəzinə, insanın öz üz cizgilərini qoruyan və kənardan baxdıqda müdaxilənin hiss olunmadığı nəticələrə üstünlük verilir.
Tibbi estetika həkimi dr. Ferda Karataş dolğu prosedurlarında təbii görünüş əldə etmək üçün diqqət edilməli məqamları açıqlayıb.
Dr. Karataşın sözlərinə görə, dolğu tətbiqində yalnız müdaxilə ediləcək nahiyəyə fokuslanmaq düzgün nəticə verməyə bilər. Üz bütöv şəkildə qiymətləndirilməli, insanın anatomiyası, yaşı, dəri quruluşu və üz cizgilərinin mövcud proporsiyaları nəzərə alınmalıdır.
Həkim bildirib ki, dolğunun əsas məqsədi insanın üzünü dəyişdirmək deyil, üz cizgiləri arasındakı nisbəti və ehtiyacları düzgün qiymətləndirərək daha balanslı görünüş yaratmaqdır.
Xüsusilə dodaq dolğusunda təbiilik böyük əhəmiyyət daşıyır. Burada yalnız dodaqların həcmini artırmaq deyil, üst və alt dodaq arasındakı nisbət, dodaqların üzün digər hissələri ilə uyğunluğu və təbii mimikalar da nəzərə alınmalıdır.
Həkim vurğulayıb ki, təbii nəticənin əsas şərtlərindən biri prosedurun hər insana fərdi şəkildə planlaşdırılmasıdır. Eyni miqdarda dolğu müxtəlif insanlarda tamamilə fərqli nəticələr yarada bilər.
“Təbii nəticə üçün insanın üzünü düzgün analiz etmək və ehtiyac olduğu qədər tətbiq etmək lazımdır. Bəzən çox kiçik bir toxunuş belə üzün ümumi ifadəsində olduqca müsbət dəyişiklik yarada bilər”, - deyə dr. Karataş bildirib.
Onun sözlərinə görə, dolğu yalnız estetik prosedur kimi deyil, üzün anatomiyası və proporsiyaları nəzərə alınmaqla qiymətləndirilməlidir. Buna görə də prosedurun təcrübəli həkim tərəfindən, pasiyentin gözləntiləri və üz quruluşu birlikdə nəzərə alınaraq planlaşdırılması vacibdir.
Dr. Ferda Karataş qeyd edib ki, bu gün estetik yanaşma da dəyişməkdədir. İnsanların özünə bənzəməyə davam etdiyi, mimikalarını qoruduğu və üzündəki dəyişikliklərin şişirdilmiş görünmədiyi prosedurlar daha çox seçilir.
Bu yanaşmada əsas məqsəd üzdəki bütün cizgiləri və təbii xüsusiyyətləri yox etmək deyil. Hədəf insanın üz xarakterini qoruyaraq ümumi üz harmoniyasını dəstəkləməkdir.
Mənsumə






