Yunanıstandan Türkiyəyə sərt mesaj: “Bu siyasət müharibəyə aparır”

Yunanıstanın istefada olan general-leytenantı İoannis Baltzois Türkiyə ilə münasibətlər və Egey dənizindəki vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib. O, Afinanın Ankara qarşısında uzun müddətdir yürütdüyü siyasəti tənqid edərək yaxın aylarda gərginliyin yenidən yüksələ biləcəyini bildirib.
Sfera.az xəbər verir ki, Baltzois Yunanıstanın “Naftemporiki” telekanalına müsahibəsində xüsusilə oktyabr ayına doğru Egey dənizi və Şərqi Aralıq dənizində vəziyyətin daha həssas xarakter ala biləcəyini deyib.
Onun sözlərinə görə, Afinanın Türkiyəyə qarşı illərdir tətbiq etdiyi yumşaq yanaşma gözlənilən nəticəni verməyib. General hesab edir ki, təxminən 30-40 il davam edən bu siyasət artıq Yunanıstanın maraqlarına xidmət etmir.
Baltzois Egey dənizi, Kasos adası və Şərqi Aralıq dənizində həyata keçirilən enerji layihələrinin tərəflər arasında yeni gərginliklərə səbəb ola biləcəyini vurğulayıb.
İstefada olan general Afinanın bir sıra problemləri davamlı olaraq təxirə salmasının ölkənin mövqeyini zəiflətdiyini də iddia edib. O bildirib ki, mövcud siyasət dəyişdirilməsə Yunanıstan hərbi qarşıdurma baş vermədən belə milli suverenliyi və suveren hüquqları ilə bağlı itkilərlə üzləşə bilər.
Baltzois Afinanın passiv siyasətinin davam etdirilməsini Türkiyənin təşəbbüsü ələ keçirə biləcəyi və nəticədə qarşıdurma riskinin artacağı “təhlükəli yol” kimi qiymətləndirib.
Mənsumə






