Robotlar üçün “bağça” açıldı

Robotlar üçün “bağça” açıldı
Kateqoriya məlum deyil
T

Çinin Pekin şəhərinin Şiczinşan rayonunda robotların insan müdaxiləsi olmadan öyrənməsi üçün xüsusi “robot bağçası” fəaliyyətə başlayıb.

Sfera.az xəbər verir ki, layihə Çin şirkəti “Tashan Technology” və möhkəmləndirici öyrənmə (reinforcement learning) sahəsinin öncüllərindən olan, Türinq mükafatı laureatı Riçard Sattonun rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilir. Mərkəzin əsas məqsədi robotlara yalnız insanların göstərdiyi hərəkətləri təkrarlamağı deyil, öz təcrübələrindən nəticə çıxarmağı öyrətməkdir. Mərkəzdə robotlar toxunma sensorları vasitəsilə ətraf mühitlə qarşılıqlı əlaqədə olur.

Onlar eyni hərəkətləri dəfələrlə sınayır, fiziki təmasdan gələn məlumatları analiz edir və davranışlarını dəyişirlər. Məsələn, robot hərəkət edərkən divara çırpılırsa, bu hadisə sistem üçün sadəcə uğursuzluq hesab edilmir. Toqquşma məlumat kimi yadda saxlanılır və robot növbəti cəhddə eyni səhvi təkrarlamamağa çalışır. Beləliklə, robot üçün səhv etmək öyrənmə prosesinin bir hissəsinə çevrilir. Hazırda humanoid robotların hazırlanmasında əsas üsullardan biri insan hərəkətlərinin nümayiş etdirilməsi, uzaqdan idarəetmə və hərəkətlərin xüsusi sistemlərlə qeydə alınmasıdır. Yeni yanaşma isə robotların real mühitdə istifadəyə verildikdən sonra da öyrənməyə və yeni vəziyyətlərə uyğunlaşmağa davam etməsini hədəfləyir.

Riçard Sutton bildirib ki, robotların öz bədənlərinin imkanlarını və fiziki dünyanın qanunlarını öyrənməsi üçün təhlükəsiz sınaq mühiti lazımdır. Bunun üçün yalnız yeni alqoritmlər deyil, həm də səhvlərə tab gətirə bilən robotlar və xüsusi hazırlanmış məkanlar tələb olunur. Mütəxəssislərin fikrincə, bu yanaşmanın əsas üstünlüyü robotların əvvəlcədən proqramlaşdırılmamış situasiyalara uyğunlaşa bilməsidir. İnsan tərəfindən öyrədilən robotlar daha sürətli nəticə versə də, onların davranışları sonradan nisbətən sabit qala bilər. Davamlı öyrənən robotlar isə yeni obyekt və vəziyyətlərlə qarşılaşdıqca öz davranışlarını dəyişə bilərlər. Lakin metodun ciddi məhdudiyyəti də var: robot səhv edə biləcək qədər dözümlü olmalıdır. Çünki davamlı sınaqlar zamanı mexaniki hissələrin zədələnməsi mümkündür.

Mərkəzdəki kiçik hörümçək tipli robotun əvvəlcədən heç bir məlumat olmadan təxminən 40 dəqiqə ərzində irəli hərəkət etməyi öyrənməsi bu texnologiyanın ilkin nəticələrindən biri kimi göstərilir. Mütəxəssislər hesab edirlər ki, robotların öz təcrübəsindən öyrənməsi yaxın gələcəkdə insan tərəfindən idarəetmə, imitasiya və simulyasiyanı tamamilə əvəz etməyəcək. Əksinə, bu texnologiyaların bir-birini tamamlaması gözlənilir. Robotlar fabriklərdə, xidmət sektorunda və gələcəkdə evlərdə daha geniş istifadə olunmağa başladıqca, öz səhvlərindən öyrənmək və real mühitə uyğunlaşmaq qabiliyyəti robototexnikanın əsas inkişaf istiqamətlərindən birinə çevrilə bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR