Türkiyədə daha bir gəmi batdı

İstanbul yaxınlığında Mərmərə dənizində iki gəminin toqquşması nəticəsində yük gəmilərindən biri batıb, gəmidə olan 10 ekipaj üzvü itkin düşüb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İstanbul vilayətinin qərbində yerləşən Silivri rayonundan 33 kilometr aralıda, səhər saatlarında baş verib.
Məlumata görə, boş neft tankeri ALSU rulon şəklində polad daşıyan Tuğberk İmamoğlu adlı yük gəmisi ilə toqquşub. Toqquşmadan qısa müddət sonra yük gəmisi batıb.
Dənizçilik Baş İdarəsinin məlumatına görə, Tuğberk İmamoğlu gəmisindən heç bir cavab alınmayıb, ekipaj üzvlərinin mobil telefonlarına da zəng çatmayıb. Bu səbəbdən gəminin batdığı ehtimal edilib.
ALSU gəmisinin kapitanı toqquşmanın saat 03:15-də baş verdiyini bildirib. Əraziyə 14 axtarış-xilasetmə gəmisi və helikopter göndərilib.
Batan gəminin ekipajına məxsus xilasedici qayıq və digər həyatqurtaran avadanlıqlar dənizdə aşkarlanıb. Lakin ekipaj üzvləri qayıqda olmayıb.
Toqquşma zamanı Tuğberk İmamoğlunun göyərtəsində 4 200 ton rulon polad olub. Toqquşma nəticəsində zədələnən ALSU tankeri də axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Qeyd edək ki, hadisə Türkiyə sahillərində baş verən digər ölümcül dəniz qəzasından üç gün sonra baş verib. Həmin hadisədə 8 Türkiyə vətəndaşı həlak olub, 20 nəfər isə itkin düşüb.
İnci
Sfera.az






