Robot tozsoran xəyanəti üzə çıxardı

Tayvanda həyat yoldaşının xəyanət etdiyindən şübhələnən kişi evdəki kameralı robot tozsoranı uzaqdan işə salaraq xəyanəti görüntüləyib. O, bu görüntüləri məhkəmədə sübut kimi təqdim edərək təzminat qazansa da sonradan özü cəzalandırılıb.
Sfera.az xəbər verir ki, hadisə Taoyuan şəhərində baş verib.
Kişi 2023-cü ildə ailəsinə məxsus digər evdə yad əşyalar, o cümlədən başqa kişiyə aid diş fırçası aşkarlayıb.
Təhlükəsizlik kameralarını araşdırdıqdan sonra həyat yoldaşının tanımadığı bir şəxsi evə gətirdiyini müəyyən edib.
Daha sonra robot tozsoranın kamerası vasitəsilə qadının həmin şəxslə birlikdə olduğunu görüntüləyib. Kişi videoları məhkəməyə təqdim edərək 2 milyon Yeni Tayvan dolları təzminat tələb edib. Məhkəmə isə ona tələb etdiyi məbləğin dörddə biri qədər təzminat verilməsinə qərar verib.
Lakin bundan sonra qadın ərini icazəsiz görüntü çəkdiyinə görə məhkəməyə verib. Məhkəmə kişinin gizli çəkiliş aparmaq hüququ olmadığını və qadının məxfilik hüququnun pozulduğunu bildirib.
Nəticədə kişi 5 ay həbs cəzasına məhkum edilib. Cəzanın 150 min Yeni Tayvan dolları (təxminən 17 min AZN) cərimə ilə əvəzlənməsinə də icazə verilib.
Beləliklə, həyat yoldaşının xəyanətini sübut edən kişi eyni görüntülərə görə bu dəfə özü təqsirləndirilən şəxsə çevrilib.
Mənsumə






