“iPhone 18” üçün gözlənilməz dəyişiklik

“Apple”ın sentyabrın 9-da keçirəcəyi ənənəvi payız tədbirində “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və şirkətin ilk qatlanan smartfonu olacağı gözlənilən “iPhone Ultra” modellərini təqdim edəcəyi bildirilir. Lakin yeni “iPhone” modellərinin ön sifariş tarixində bu il diqqətçəkən dəyişiklik edilə bilər.
Sfera.az xəbər verir ki, “Apple” yeni “iPhone” modellərinin təqdimatından sonra ön sifarişləri adətən tədbirdən sonrakı ilk cümə günü qəbul etməyə başlayır. Bu il isə həmin tarix sentyabrın 11-nə təsadüf edir.
ABŞ-də yerləşən şirkətin 11 sentyabr hadisələrinin 25-ci ildönümü ilə eyni günə düşməsi səbəbindən kommersiya xarakterli tədbir keçirməkdən yayınacağı və ön sifarişləri sentyabrın 12-si, şənbə gününə keçirəcəyi iddia olunur. Oxşar vəziyyət 2015-ci ildə də yaşanıb. Həmin vaxt “iPhone 6s” üçün ön sifarişlər 11 sentyabr həssaslığı nəzərə alınaraq şənbə gününə təxirə salınıb.
Sızıntılara görə, təkcə tarix deyil, ön sifarişlərin başlama saatı da dəyişə bilər. “Apple”ın sifarişləri adətən Sakit okean vaxtı ilə (PT) saat 05:00-da aktivləşdirdiyi halda, bu dəfə sifariş ekranının sentyabrın 12-si gecə saat 00:00-da açılması gözlənilir.
Yeni ön sifariş cədvəlinin “iPhone 18 Pro”, “iPhone 18 Pro Max”, “Apple Watch Series 12” və “Apple Watch Ultra 4” modellərini əhatə edəcəyi bildirilir.
Qeyd olunur ki, qatlanan “iPhone Ultra (Fold)” modeli təqdimat zamanı digər “Pro” modellərlə birlikdə nümayiş etdirilsə də onun ön sifariş və satışa çıxarılma prosesi istehsal və təchizat məsələləri səbəbindən sentyabrın daha sonrakı tarixlərinə qala bilər.
Mənsumə






