Onlar qocalmamaq üçün 250 min dollaradək pul xərcləyirlər

ABŞ-də bəzi varlı şəxslər qocalmanı ləngitmək və gənclik əlamətlərini qorumaq məqsədilə gənc donorların qan plazmasından istifadə olunan mübahisəli prosedurlara müraciət edirlər.
Sfera.az xəbər verir ki, “The Sun”ın yazdığına görə, sözügedən terapiyada yaşlı şəxsin qan plazmasının müəyyən hissəsi çıxarılır və əvəzinə əsasən 18-25 yaşlı donorların plazması köçürülür. Bəzi klinikalarda plazmanın bədənin müxtəlif nahiyələrinə, o cümlədən cinsiyyət orqanına inyeksiya edildiyi də bildirilir. Prosedurun tərəfdarları hesab edirlər ki, gənc plazmada olan ekzosomlar hüceyrələr arasında siqnalların ötürülməsində və toxumaların bərpasında rol oynaya bilər. Onların iddiasına görə, bu maddələr qocalmış hüceyrələrin yenilənmə prosesini stimullaşdıra bilər. ABŞ-nin Texas ştatında fəaliyyət göstərən bəzi klinikalar bu proseduru xüsusilə imkanlı müştərilərə təklif edir.
Məlumata görə, bir prosedurun qiyməti 30-50 min dollar arasında dəyişir. Bəzi müştərilər ildə beş dəfə belə müalicədən keçdiyi üçün illik xərc 250 min dollara çata bilir. Digər tərəfdən, plazma donorları da bu prosesdən maddi gəlir əldə edirlər. 18-25 yaşlı şəxslərin hər donor proseduruna görə təxminən 100 dollar aldığı bildirilir. Lakin mütəxəssislər bu metodun effektivliyi ilə bağlı ciddi sualların olduğunu vurğulayırlar. ABŞ Qida və Dərman Administrasiyası (FDA) gənc plazmanın qocalma əleyhinə məqsədlərlə istifadəsini təsdiqləməyib və bu yanaşmanın effektivliyini sübut edən kifayət qədər elmi məlumatın olmadığını bildirir.
Qeyd edək ki, texnologiya sahibkarı və biohaker Brayan Conson da 2023-cü ildə 17 yaşlı oğlundan aldığı bir litr plazmanı özünə köçürərək qocalmanı geri çevirməyə çalışmışdı. Lakin o, daha sonra bu praktikadan imtina edib. Beləliklə, gənc plazma terapiyası hazırda elmi cəhətdən təsdiqlənmiş qocalma əleyhinə müalicə deyil. Metodun tərəfdarları müsbət nəticələrdən danışsalar da, onun insanlarda effektivliyini və uzunmüddətli təhlükəsizliyini təsdiqləyən genişmiqyaslı klinik tədqiqatlar hələ kifayət deyil.
Firuz






