Murat Dalkılıç 13-cü əməliyyatdan sonra: “Həkimlər ümid vermirdi”

Türkiyəli müğənni Murat Dalkılıç keçirdiyi 13 burun əməliyyatından sonra müalicə prosesinin son vəziyyətindən danışıb.
Uşaqlıqdan bəri sağlamlıq problemləri ilə mübarizə aparan sənətçi həkimlərin bir vaxtlar onun sağalacağına ümid vermədiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, sənətçi anadangəlmə xəstəliyi səbəbilə uşaqlıq illərindən etibarən burun problemləri yaşadığını bildirib. O, ibtidai məktəbdə burun sümüklərinin xaricə doğru böyüməsinin qarşısını almaq məqsədilə ilk əməliyyatını keçirib. Lakin yanlış müdaxilə nəticəsində burnundakı qığırdaq toxumasının tamamilə götürüldüyü qeyd olunub.
Qığırdaq dəstəyinin itirilməsi nəticəsində burunda çökmə yaranıb. Bundan sonra Dalkılıç qulaq və qabırğasından götürülən toxumalardan istifadə edilməklə bir sıra bərpa əməliyyatları keçirib.
Toxumaların bərpası ilə bağlı yaranan problemlər səbəbindən infeksiyanın beyinə yayılması riski ilə üzləşən müğənni təxminən 11 saat davam edən iki ağır əməliyyat keçirib. O, bir neçə gün komada qalıb və müalicə səbəbilə konsertlərini təxirə salıb.
Təbii qığırdaq toxumasının tükənməsindən sonra Dalkılıçın burnuna tibbi protez yerləşdirilib. Müğənni sonuncu, 13-cü əməliyyatdan sonra nəfəs alma probleminin aradan qalxdığını bildirib.
Dalkılıçın sözlərinə görə, uzun və çətin müalicə prosesindən sonra səhhətində müsbət irəliləyişin olması onun üçün böyük əhəmiyyət daşıyır.
İradə Elsevər
Sfera.az






