Gecə 6 saatdan az yatanlara xəbərdarlıq

Gecə 6 saatdan az yatanlara xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Kifayət qədər yatmamaq yalnız gün ərzində yorğunluq və diqqət dağınıqlığına səbəb olmur. Mütəxəssislər mütəmadi olaraq 6 saatdan az yatmağın ürəyin gecə ərzində kifayət qədər dincəlməsinə mane olaraq yüksək təzyiq riskini artıra biləcəyini bildirirlər.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusilə səhərlər yorğun oyanan, gecə ərzində tez-tez yuxusu bölünən və xoruldama problemi yaşayan insanların yuxu keyfiyyətinə diqqət etmələri tövsiyə olunur.

Gecə yuxusunun müddəti orqanizmin yenilənməsi ilə yanaşı, ürək-damar sağlamlığı üçün də böyük əhəmiyyət daşıyır. Kardiologiya üzrə mütəxəssis, dosent dr. Emrah Özdemir bildirib ki, yuxu zamanı ürək döyüntüləri və qan təzyiqi təbii olaraq azalmalıdır. Yetərli yuxu alınmadıqda isə bu istirahət prosesi tam başa çatmaya bilər.

Mütəxəssisin sözlərinə görə, mütəmadi olaraq az yatmaq gecə saatlarında qan təzyiqinin gözlənilən səviyyəyə enməsinə mane ola bilər. Xüsusilə gecə 6 saatdan az yatmaq uzunmüddətli perspektivdə yüksək təzyiq riskini artıran amillərdən biri hesab olunur.

Yuxu çatışmazlığının orqanizmdə stress hormonlarının səviyyəsini yüksəldə biləcəyini vurğulayan Özdemir bunun ürək döyüntülərinə və qan təzyiqinə təsir göstərə biləcəyini qeyd edib.

“Orqanizmin uzun müddət oyanıqlıq və gərginlik vəziyyətində qalması ürək-damar sisteminə əlavə yük yarada bilər. Buna görə də yuxu rejimini ürək sağlamlığından ayrı düşünmək olmaz”, - deyə mütəxəssis bildirib.

Mütəxəssislər yataqda keçirilən saatların sayının təkbaşına kifayət etmədiyini də vurğulayırlar. Gecə ərzində tez-tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək, xoruldamaq və yuxu apnesi kimi problemlər də orqanizmin lazımi qədər dincəlməsinə mane ola bilər.

Bəzi insanlar 7-8 saat yatdıqlarını düşünsələr də yuxunun tez-tez bölünməsi səbəbindən keyfiyyətli istirahət edə bilmirlər.

Mütəxəssislərin fikrincə, yüksək təzyiqin yaranmasında genetika, qidalanma, çəki, stress və fiziki aktivliklə yanaşı, yuxu rejimi də mühüm rol oynayır. Bu səbəbdən gecə saatlarında davamlı olaraq 6 saatdan az yatan və səhərlər yorğun oyanan şəxslərə yuxu vərdişlərini nəzərdən keçirmək və ehtiyac olduqda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR