Tramp fiqurlu həblərlə bağlı ciddi xəbərdarlıq

Hollandiyada asılılıq və psixi sağlamlıq sahəsində fəaliyyət göstərən Trimbos İnstitutu Donald Trampın başı formasında hazırlanan ekstazi həbləri ilə bağlı xəbərdarlıq edib. Aparılan analizlər zamanı bəzi həblərin tərkibində yüksək miqdarda PMMA maddəsi aşkarlanıb.
Sfera.az xəbər verir ki, institut insanlara sözügedən həblərdən istifadə etməməyə çağırıb. Mütəxəssislərin sözlərinə görə, PMMA-nın təsiri MDMA ilə oxşar olsa da daha gec ortaya çıxır. Bu isə istifadəçinin təsirin olmadığını düşünərək daha çox həb qəbul etməsinə və həddindən artıq doza riskinin yüksəlməsinə səbəb ola bilər.
PMMA qəbulundan bir neçə saat sonra ürəkbulanma, ürək döyüntüsünün sürətlənməsi və qıcolma kimi əlamətlər yarana bilər. Maddə həmçinin bədən temperaturunun təhlükəli dərəcədə yüksəlməsinə və ağır, hətta ölümcül fəsadlara səbəb ola bilər.
Trimbos İnstitutunun məlumatına görə, indiyədək bu həblərlə əlaqəli ölüm və ya ciddi sağlamlıq problemi barədə məlumat daxil olmayıb. Həblərin bir tərəfində Trampı xatırladan fiqur, digər tərəfində isə “Trump” və “NL” yazıları əks olunub.
Qeyd edək ki, Tramp fiqurlu ekstazi həbləri ilk dəfə deyil ki, aşkarlanır. Alman polisi 2017-ci ildə Trampın başı formasında hazırlanmış təxminən 5 min narıncı rəngli ekstazi həbi müsadirə edib.
Mənsumə






