"Hyundai"də kütləvi tətil: 39 min işçi işini dayandırdı

"Hyundai Motor"un Cənubi Koreyadakı zavodlarında təxminən 39 min işçinin iştirakı ilə tətil başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Yonhap” həmkarlar ittifaqının açıqlamasına istinadən məlumat yayıb.
Tətil Ulsan, Asan və Jeonju şəhərlərindəki zavodları əhatə edir. Qərar şirkət rəhbərliyi ilə əməkhaqqı danışıqlarının nəticəsiz qalmasından sonra qəbul edilib.
Həmkarlar ittifaqı əməkhaqqının 50 faiz artırılmasını, bonusların yüksəldilməsini, pensiya yaşının artırılmasını və əvvəllər işdən çıxarılan həmkarlar ittifaqı nümayəndələrinin vəzifələrinə qaytarılmasını tələb edir.
Bildirilir ki, yeni tətil ən azı 2016-cı ildən bəri "Hyundai"də keçirilən ən uzunmüddətli tətil olacaq. Aksiyanın 16 saat davam edəcəyi və iki səkkizsaatlıq növbədə çalışan işçiləri əhatə edəcəyi gözlənilir.
Tərəflər arasında danışıqlar may ayında başlayıb. Lakin bir neçə raund danışıqlar nəticəsiz başa çatıb və hər dəfə istehsalın dayandırılması ilə nəticələnib.
Son üç ay ərzində ümumilikdə 60 saatlıq iş dayanması baş verib. Bunun nəticəsində 55 200 avtomobilin istehsal olunmadığı və şirkətin təxminən 1,6 milyard dollar gəlir itirdiyi bildirilir.
Həmkarlar ittifaqı rəhbərliklə razılıq əldə olunana qədər mübarizəni davam etdirəcəyini açıqlayıb. Artıq avqustun 24 və 25-də əlavə dörd saatlıq tətillərin keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, Cənubi Koreyanın digər avtomobil istehsalçısı “Kia”nın həmkarlar ittifaqı da altı ildən sonra ilk dəfə tətil qərarı verib. Buna səbəb rəhbərliyin baza əməkhaqqının artırılması və bonusların şirkətin mənfəəti ilə əlaqələndirilməsi tələblərini qəbul etməməsidir.
İnci
Sfera.az






