Logo

Türkiyə BMT baş katibliyinə namizədini irəli sürdü

Türkiyə BMT baş katibliyinə namizədini irəli sürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə namizədliyini rəsmən irəli sürüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr Anadolu Agentliyinə məlumat verib.

Bildirilib ki, qərar BMT Təhlükəsizlik Şurasında baş katib seçkiləri ilə bağlı keçirilən son qeyri-rəsmi səsvermənin nəticəsiz başa çatmasından sonra qəbul edilib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız Prezident Rəcəb Tayyib Ərdoğanın namizədlik məktubunu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının prezidentlərinə təqdim edib.

Ərdoğan məktubunda Sinirlioğlunun 40 ildən artıq diplomatik təcrübəyə malik olduğunu vurğulayıb. Onun daha əvvəl Türkiyənin xarici işlər naziri və BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərdiyi xatırladılıb.

Türkiyə prezidenti namizədin BMT sistemini dərindən tanıdığını, strateji baxışa və beynəlxalq konsensus yaratmaq bacarığına malik olduğunu qeyd edib.

Qeyd edək ki, BMT-nin yeni baş katibinin seçilməsi üçün namizəd Təhlükəsizlik Şurasının ən azı 9 üzvünün dəstəyini qazanmalıdır. Bununla yanaşı, ABŞ, Çin, Fransa, Rusiya və Böyük Britaniyadan ibarət beş daimi üzvdən heç biri onun namizədliyinə veto qoymamalıdır.

Son qərarı isə Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası qəbul edir.

Hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Yeni baş katib 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, Sinirlioğludan əvvəl yarışda səkkiz namizəd irəli sürülmüşdü. Onların arasında Kosta-Rika, Argentina, Seneqal, Qayana, Ekvador, Çili və Uqandadan olan diplomat və siyasətçilər də var.

Fatimə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR