G20-də foto gərginliyi: Avropalı diplomatlar Lavrovla eyni kadra düşmək istəmədilər
ABŞ-də keçirilən G20 Xarici İşlər Nazirlərinin toplantısında ənənəvi “ailə fotosu” diplomatik gərginliyə səbəb olub.
Sfera.az xəbər verir ki, Corciya ştatının Atlanta şəhərində keçirilən sammit öncəsi planlaşdırılan foto çəkilişi Avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni kadrda yer almaqdan imtina etməsi səbəbindən ləğv edilib.
Almaniyanın xarici işlər naziri İohann Vadeful toplantı zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Avropalı tərəfdaşların Lavrovla birlikdə yer aldığı ailə fotosu olmayacaq.
“Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz”, - deyə o vurğulayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə bildirib ki, Ukraynanın işğalından sonra London Rusiya nümayəndələri ilə birbaşa əlaqə yaratmamağa çalışır və bu siyasəti dəyişmək niyyətində deyil.
Mənbələrin iddiasına görə, Avstraliya və Kanada nümayəndə heyətləri də Lavrovla eyni fotoşəkildə yer almaq istəməyiblər.
ABŞ-nin dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi sammitin ilk sessiyası dünyada mövcud iqtisadi və geosiyasi çətinliklərin aradan qaldırılması üçün “beynəlxalq əməkdaşlıq” çağırışı ilə başlayıb.
Bəsti Rəfizadə






