Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər

Gec saatlarda yemək yalnız çəkiyə deyil, qan şəkərinə, maddələr mübadiləsinə və yuxu keyfiyyətinə də mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli, yağlı və karbohidratla zəngin qidaların gecə qəbul edilməsi orqanizmin bioloji ritmi ilə uyğunlaşmaya bilər.
Sfera.az xəbər verir ki, Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssis pof. dr. Serap Baydur Şahin bildirib ki, orqanizmin bir çox funksiyası sirkadiyen ritmlə idarə olunur. Gec saatlarda mütəmadi yemək aclıq və toxluq siqnallarını poza, artıq yeməyə və çəki artımına meyli yüksəldə bilər.
Mütəxəssisin sözlərinə görə, gecə qəbul edilən xüsusilə şəkərli və karbohidratlı qidalar qan şəkəri və insulin səviyyəsini gündüzə nisbətən daha çox artıra bilər. Bu vərdiş uzun müddətdə insulin müqaviməti və 2-ci tip diabet riskinə də təsir göstərə bilər.
Yatmazdan az əvvəl ağır, yağlı və ədviyyatlı qidalar qəbul etmək isə reflü və həzmsizliyi artıraraq yuxu keyfiyyətini poza bilər. Yuxusuzluq da iştahı artıraraq yüksək kalorili qidalara yönəlməni asanlaşdıra bilər.
Mütəxəssis axşam yeməyinin yatmazdan 4-5 saat əvvəl tamamlanmasını tövsiyə edir. Gecə aclıq yaranarsa kiçik porsiyada qatıq, bir qədər çərəz və ya zülal və liflə zəngin yüngül qidalar seçilə bilər.
Həmçinin gün ərzində kifayət qədər və balanslı qidalanmaq vacibdir. Çünki gün ərzində az yemək axşam saatlarında güclü aclığa və nəzarətsiz qəlyanaltılara səbəb ola bilər.
Mənsumə






