Bədən susuz qaldıqda hansı əlamətlər ortaya çıxır?

Orqanizmin kifayət qədər maye qəbul etməməsi susuzlaşmaya səbəb ola bilər. Həkimlərin fikrincə, bu vəziyyətin ilk əlamətləri bəzən sadə yorğunluqla qarışdırılır. Güclü susuzluq, ağız və dodaqlarda quruluq, sidiyin tündləşməsi, sidiyə daha az getmək, halsızlıq və baş ağrısı susuzlaşmanın əsas göstəriciləri hesab olunur.
Sfera.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, susuzlaşma artdıqca başgicəllənmə, göz qaralması, əzələ qıcolmaları və diqqətin azalması da müşahidə edilə bilər. Xüsusilə isti havalarda çox tərlədikdə, fiziki aktivlik zamanı, həmçinin qusma və ishal hallarında orqanizm daha çox maye itirir.
Həkimlər susuzluq hissinin yaranmasını gözləmədən gün ərzində kifayət qədər maye qəbul etməyi tövsiyə edirlər. Çünki xüsusilə bəzi insanlarda susuzluq hissi orqanizmin artıq maye itirməsindən sonra ortaya çıxa bilər.
Mütəxəssislərin sözlərinə görə, sidiyin kəskin azalması, güclü başgicəllənmə, huşun itməsi, çaşqınlıq və ciddi halsızlıq kimi əlamətlər ağır susuzlaşmaya işarə edə bilər. Belə vəziyyətdə gecikmədən tibbi yardım almaq lazımdır.
Mənsumə






