Kakaonun yerinə kömür istifadə edirlər

Kakaonun yerinə kömür istifadə edirlər
Kateqoriya məlum deyil
T

Misirin Qalyubiyyə vilayətində keçirilən yoxlamalar zamanı Kafr Şükr şəhərində lisenziyasız fəaliyyət göstərən böyük biskvit fabrikinin qanunsuz istehsalla məşğul olduğu aşkarlanıb. Fabrikdə kakao əvəzinə məhsullara tünd rəng vermək üçün daha ucuz E153 kodlu bitki mənşəli karbonun istifadə edildiyi müəyyənləşib.

Sfera.az xəbər verir ki, yoxlama zamanı fabrikdə bəzi tanınmış markalara aid biskvitlər, eləcə də dondurma istehsalında istifadə olunan biskvitlərin hazırlandığı məlum olub. Məhsulların hazırlanmasında istifadəsinə icazə verilməyən, son istifadə tarixi keçmiş və mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi müəyyənləşdirilib.

Ən diqqətçəkən məqam biskvitlərə xarakterik tünd rəng vermək üçün kakao əvəzinə E153 kodlu bitki mənşəli karbonun istifadəsi olub. Bundan başqa, bəzi xammalların son istifadə tarixinin keçdiyi, bir qisminin isə mənşəyini təsdiqləyən heç bir sənəd və hesab-fakturanın olmadığı aşkarlanıb.

Fabrikdə ümumilikdə təxminən 1,8 ton xarab olmuş standartlara uyğun olmayan və mənşəyi müəyyən edilməyən xammal və hazır məhsul müsadirə edilib.

Müsadirə edilənlər arasında son istifadə tarixi keçmiş 100 kiloqramlıq qlükoza çəlləyi, ümumi çəkisi 30 kiloqram olan üç qutu vaxtı keçmiş kərə yağı və tərkibində bitki mənşəli karbon rəngləndiricisi olan plastik çəllək də olub.

Bundan əlavə, hər biri 7 kiloqram çəkidə olan 50 qutu biskvit və yenidən istehsalda istifadə olunmaq üçün saxlanılan ümumilikdə 1 100 kiloqram biskvit aşkarlanıb.

Məlumata görə, fabrikdə çox sayda işçi çalışıb, xammal daşıyan və hazır məhsulları paylayan yük maşınları mütəmadi olaraq müəssisəyə daxil olub çıxıb. Məhsulların müəyyən müddət ərzində bazara paylandığı bildirilir.

Fabrikin bu qədər böyük istehsal gücünə malik olmasına baxmayaraq uzun müddət lisenziyasız fəaliyyət göstərməsi Misirdə ciddi müzakirələrə səbəb olub və nəzarət orqanlarının fəaliyyəti ilə bağlı suallar yaradıb.

Yoxlama nəticəsində bütün məhsul və xammallara əl qoyulub, fabriklə bağlı protokol tərtib edilib. İşin zəruri hüquqi tədbirlərin görülməsi üçün Misir Baş Prokurorluğuna göndəriləcəyi bildirilib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR