Avropada meşə yanğınları: 2026-cı il rekord ili ola bilər?

Avropada meşə yanğınları: 2026-cı il rekord ili ola bilər?
Kateqoriya məlum deyil
T

2026-cı ilin avqust ayının əvvəlinə olan məlumata görə, Avropanın bir sıra ölkələrində son 15 ilin ən genişmiqyaslı meşə yanğınları qeydə alınıb. Xüsusilə İspaniya və Fransa yanğınlardan ciddi zərər çəkib.

Sfera.az xəbər verir ki, “Euronews Business”in məlumatına görə, iyulun sonuna qədər təkcə Fransa və İspaniyada 320 mindən çox insan meşə yanğınları səbəbindən təxliyə edilib. Avropada isti hava dalğalarının yayılması fonunda yanğınlar avqust ayında da davam edir.

Mütəxəssislər bildirirlər ki, meşə yanğınlarının iqtisadi zərərini dəqiq hesablamaq çətindir. Yanan ərazilərin sahəsini müəyyənləşdirmək mümkün olsa da, evlərin, biznes obyektlərinin və kənd təsərrüfatı sahələrinin məhv olması, turizm və sənayenin fəaliyyətinin pozulması, tüstünün sağlamlığa təsiri, dövlət maliyyəsinə əlavə yük və sığorta haqlarının artması kimi nəticələr ümumi zərəri daha da böyüdür.

2026-cı ildə Aİ-də 490 min hektara yaxın ərazi yanıb

“Global Wildfire Information System” məlumatlarına əsaslanan “Our World in Data”nın göstəricilərinə görə, avqustun əvvəlinə qədər Avropa İttifaqında 489 826 hektar ərazi yanıb. Bu göstərici 2012-ci ildən bəri ən yüksək nəticələr sırasında dördüncü yerdədir. Daha böyük göstəricilər 2012-ci ildə 863 122 hektar, 2022-ci ildə 799 040 hektar və 2017-ci ildə 743 906 hektar olub. 2012-2025-ci illərdə eyni dövr üzrə Aİ-də orta hesabla 434 711 hektar ərazi yanıb. Beləliklə, 2026-cı ildə göstərici orta göstəricidən 55 115 hektar, yaxud 13 faiz çoxdur.

Yanğınlardan ən çox İspaniya zərər çəkib

İspaniya 2026-cı ildə yanan ərazilərin sahəsinə görə Aİ-də ən çox zərər çəkən ölkədir. Avqustun əvvəlinə qədər ölkədə 185 948 hektar ərazi yanıb. Bu, Aİ üzrə ümumi yanan ərazinin 38 faizini təşkil edir. 2012-2025-ci illərdə İspaniyada avqustun əvvəlinə qədər orta hesabla 85 626 hektar ərazi yanırdı. Bu ilki göstərici həmin orta rəqəmdən iki dəfədən çoxdur. İspaniyada 2026-cı il son 15 ilin ən ağır yanğın mövsümləri sırasında üçüncü yerdədir. Ölkədə 2022-ci ildə 258 340 hektar, 2012-ci ildə isə 211 350 hektar ərazi yanmışdı. Fransada isə vəziyyət daha kritikdir. Ölkədə 99 092 hektar ərazi yanıb ki, bu da Aİ üzrə ümumi göstəricinin 20 faizidir. Fransada 2012-2025-ci illər üzrə orta göstərici 31 648 hektar olub. 2026-cı ildəki rəqəm orta göstəricidən üç dəfədən çoxdur və son 15 ilin rekordudur. İtaliyada 79 084, Portuqaliyada 47 776, Yunanıstanda isə 23 839 hektar ərazi yanıb.

Türkiyədə vəziyyət əvvəlki illərlə müqayisədə yaxşılaşıb

Maraqlıdır ki, Türkiyədə bu il meşə yanğınlarının əhatə etdiyi ərazi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. 2026-cı ilin avqust ayının əvvəlinə qədər Türkiyədə 39 556 hektar ərazi yanıb. Halbuki 2012-2025-ci illər üzrə orta göstərici 134 707 hektar təşkil edib. Mütəxəssislər isə yanğın riskinin artıq yalnız Aralıq dənizi ölkələri ilə məhdudlaşmadığını bildirirlər. "Reading" Universitetinin "Henley Business School" professoru Simone Varotto Böyük Britaniyanı Cənubi Avropadakı vəziyyəti erkən xəbərdarlıq siqnalı kimi qəbul etməyə çağırıb.

Onun sözlərinə görə, bu yay İngiltərənin cənubunda baş verən isti hava dalğaları və meşə yanğınları artıq 20 mindən çox hektar ərazini məhv edib. Bu isə yanğın təhlükəsinin Aralıq dənizi regionundan kənara da yayıldığını göstərir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR