Mask günəş tutulmasına görə 1 il öncədən hotel rezerv edibmiş

Mask günəş tutulmasına görə 1 il öncədən hotel rezerv edibmiş
Kateqoriya məlum deyil
T

"SpaceX” şirkətinin İspaniyanın şimalındakı Lerma şəhərində günəş tutulmasını izləmək üçün təşkil etdiyi tədbir bölgədə böyük marağa səbəb olub. Şirkətin təsisçisi İlon Maskın da tədbirə qatılacağı barədə yayılan xəbərlər isə özünü doğrultmayıb.

Sfera.az xəbər verir ki, “SpaceX” günəş tutulmasını izləmək üçün Lerma şəhərindəki tarixi “Parador de Lerma” hotelini 18 ay əvvəlcədən bron edib.

Cəmi 2 500-dən bir qədər çox sakinin yaşadığı şəhərdə son günlər “İlon Mask gələcəkmi?” sualı geniş müzakirə olunub. Şirkətin bölgəyə gəlişi yerli sakinlərin və turistlərin diqqətini otelə yönəldib.

Məlumata görə, “SpaceX” tədbir çərçivəsində hoteldə 140 amerikalı mütəxəssisin yerləşməsini təmin edib. Onların arasında Kaliforniya Universitetinin Berkli kampusundan iki professorun da olduğu bildirilir. XVII əsrdə tikilmiş və vaxtilə Napoleonun da gecələdiyi tarixi sarayda yerləşən otel son günlər digər qonaqlar üçün bağlanıb. Burada “özəl tədbir” keçirildiyi açıqlanıb.

Mask İspaniyaya gedib?

İlon Maskın günəş tutulmasını şəxsən izləmək üçün Lerma şəhərinə gedəcəyi barədə xəbərlər son günlər sosial şəbəkələrdə geniş yayılıb. Lakin İspaniyanın “COPE” radiosu Maskın Lerma şəhərində olmadığını təsdiqləyib. Məlumata görə, oteldə qalanlar əsasən “SpaceX” mütəxəssisləri və günəş tutulmasını izləməyə gələn həvəskarlardır. Onların arasında məşhur şəxslərin olmadığı bildirilib. Buna baxmayaraq, Maskın adı şəhər sakinləri və turistlər arasında müzakirə mövzusunda qalmaqda davam edir.

Günəş tutulması şəhəri canlandırıb

“SpaceX”in səfəri ilə yanaşı, tam Günəş tutulması da Lerma və ətraf ərazilərdə turizmə ciddi təsir göstərib. Bölgədə otellər demək olar ki, tam dolub, müxtəlif ölkələrdən turistlər gəlib və şəhərə onlarla avtobus daxil olub.

İspaniyanın bəzi ərazilərində Günəş tutulması zamanı gündüz vaxtı təxminən iki dəqiqəlik qaranlıq yaranacağı gözlənilir. Hadisənin əhəmiyyəti ondan ibarətdir ki, bu miqyasda tam Günəş tutulması İberiya yarımadasında uzun müddətdir müşahidə olunmayıb. Günəş tutulmasının tam müşahidə ediləcəyi ərazilərdə yerləşən bir sıra kiçik şəhər və kəndlərdə turist axını yerli iqtisadiyyata da ciddi təsir göstərib.

Beləliklə, İlon Maskın Lerma şəhərinə gəlməməsinə baxmayaraq, onun təsis etdiyi “SpaceX” şirkətinin iştirakı və nadir astronomik hadisə kiçik şəhəri bir neçə gün ərzində beynəlxalq diqqət mərkəzinə çevirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR