Yuxuda dişlərinizi sıxırsınız? Baş ağrısının səbəbi bu ola bilər

Yuxu zamanı hiss olunmadan dişləri sıxmaq geniş yayılmış problem olsa da, bir çox insan bunu yalnız səhərlər yaranan narahatlıqlardan sonra fərq edir.
Sfera.az xəbər verir ki, Biruni Universiteti Stomatologiya Fakültəsinin Ağız, Diş və Üz-Çənə Cərrahiyyəsi kafedrasının müdiri, professor doktor Mustafa Cenk Durmuşlar yuxu zamanı şüuraltı şəkildə baş verən diş sıxma və qıcırdatmanın dişlərə və çənə oynaqlarına ciddi təsir göstərə biləcəyini bildirib.
Onun sözlərinə görə, tibbdə “bruksizm” adlandırılan bu vəziyyət xüsusilə yuxu zamanı özünü göstərir və insan çox vaxt dişlərini sıxdığından xəbərsiz olur.
Bir çox hallarda problem səhər baş ağrısı, çənədə yorğunluq və ağrı, üz əzələlərində gərginlik, diş həssaslığı və qulaq ətrafında narahatlıq kimi əlamətlərlə özünü göstərir.
Mütəxəssis deyib ki, bruksizm uzun müddət davam etdikdə dişlərdə aşınma, çatlar və hətta sınıqlar yarana bilər. Dişlərin davamlı sıxılması çənə oynaqlarına da əlavə yük salaraq ağrıya, ağızı açmaqda çətinliyə və çeynəmə funksiyasının pozulmasına səbəb ola bilər.
Durmuşlar bəzi insanlarda xroniki baş ağrılarının da diş qıcırdatması ilə əlaqəli ola biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, bruksizmin yaranmasında müxtəlif amillər rol oynayır. Müasir həyatın sürətli tempi, yuxu pozğunluqları və psixoloji gərginlik də diş qıcırdatma hallarının artmasına səbəb ola bilər.
"Bu problemin müalicəsi hər bir pasiyentin vəziyyətinə uyğun fərdi şəkildə müəyyənləşdirilməlidir. Erkən müdaxilə dişlərdə və çənə oynaqlarında yarana biləcək qalıcı problemlərin qarşısını almağa kömək edə bilər".
Durmuşlar son illərdə bəzi pasiyentlərdə müalicə variantı kimi “masseter botoks” tətbiqinin də nəzərdən keçirildiyini bildirib. Bu metodun çeynəmə əzələlərində yaranan həddindən artıq gücü azaltmağa kömək edə biləcəyi qeyd olunur.
Mütəxəssislər xüsusilə səhərlər təkrarlanan baş ağrısı, çənə ağrısı və diş həssaslığı yaşayan şəxslərin bu əlamətləri diqqətdən kənarda qoymamasını tövsiyə edirlər.
İradə Elsevər






