İxtisas seçərkən bu səhvləri etməyin – Ekspertdən XƏBƏRDARLIQ

İxtisas seçimi zamanı abituriyentlərin yol verdiyi bəzi səhvlər gələcək təhsil və karyera seçimlərinə ciddi təsir göstərə bilər.
Xüsusilə yalnız keçid balına əsaslanmaq, populyar ixtisasları araşdırmadan seçmək və valideynlərin istəyini əsas götürmək düzgün yanaşma hesab edilmir.
Sfera.az xəbər verir ki, təhsil eksperti Adil Vəliyev ixtisas seçimi zamanı ən çox edilən səhvlər və nəzərə alınmalı məqamlarla bağlı fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, abituriyentlərin yol verdiyi əsas səhvlərdən biri yalnız ötən ilin keçid balına baxaraq seçim etməkdir.
Halbuki daha düzgün yanaşma son 2-3 ilin keçid ballarını müqayisə etməkdir. Təkcə bir ilin göstəricisi növbəti qəbul ilində keçid balının necə dəyişəcəyini dəqiq müəyyənləşdirməyə imkan vermir. Digər mühüm məsələ Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarının və plan yerlərinin təhlil edilməsidir. İxtisas seçərkən əvvəlki illərin nəticələri, plan yerlərinin sayı və keçid ballarındakı dəyişikliklər nəzərə alınmalıdır. Bu məlumatlar gələcəkdə keçid balının hansı istiqamətdə dəyişə biləcəyini daha düzgün qiymətləndirməyə kömək edir.
Adil Vəliyev qeyd edib ki, yalnız “balım buna çatır” prinsipi ilə ixtisas seçmək də doğru deyil:
“Abituriyent öz balı ilə yanaşı, həmin sahəyə marağını, bacarıqlarını, peşənin gələcəyini və əmək bazarında tələbatı da nəzərə almalıdır. İxtisas seçimi zamanı valideyn və dostların tövsiyələri də təsirli amillərdən biridir. Lakin son qərarın abituriyentin öz maraq və potensialına uyğun verilməsi daha məqsədəuyğundur”.
Ekspert universitetin adına görə ixtisas seçilməsinin də yanlış yanaşma olduğunu vurğulayıb. Onun sözlərinə görə, ali məktəbin nüfuzu ilə yanaşı, konkret ixtisasın tədris proqramı, müəllim heyəti, praktiki imkanları, təcrübə proqramları və məzunların karyera perspektivləri də araşdırılmalıdır. Digər tərəfdən, yalnız yüksək maaş vəd edən peşələrə yönəlmək də düzgün seçim sayılmır. Gələcək əmək bazarında həmin ixtisasa tələbat, karyera inkişafı imkanları və şəxsin bu sahəyə uyğunluğu da nəzərə alınmalıdır.
İxtisas siyahısının hazırlanması da xüsusi diqqət tələb edir. Abituriyentlər seçimlərini “ən çox istədiyim”, “real şansım olan” və “ehtiyat variantlarım” prinsipi ilə ardıcıllıqla yerləşdirməlidirlər. Adil Vəliyevin diqqət çəkdiyi digər məqam isə ixtisasın yalnız populyar olduğu üçün seçilməsidir. Hazırda yüksək bal tələb edən və məşhur olan ixtisasın gələcəkdə də eyni səviyyədə tələbat görəcəyinə zəmanət yoxdur.
Buna görə də seçim zamanı populyarlıqdan daha çox real əmək bazarı tələbi və uzunmüddətli karyera perspektivləri nəzərə alınmalıdır. Beləliklə, ixtisas seçimi sadəcə toplanılan bala uyğun seçim etmək deyil, abituriyentin gələcək təhsil və peşə həyatını müəyyənləşdirən mühüm qərardır. Bu səbəbdən seçim zamanı statistika, əmək bazarı, şəxsi maraq və bacarıqlar birlikdə qiymətləndirilməlidir".
Firuzə Əliyeva
Sfera.az






