Uqandada adamyeyən saxlanıldı: 38 nəfəri yeyibmiş - FOTO
Uqandada 2010–2025-ci illər ərzində 38 nəfəri öldürərək onların bədən hissələrini yeməkdə ittiham olunan şübhəlinin saxlanıldığı bildirilib. Bir neçə dəfə həbsdən qaçdığı iddia edilən şübhəliyə ölüm cəzası verilə bilər.
Sfera.az xəbər verir ki, Uqandanın müdafiə qüvvələrinin rəhbəri, general Muhoozi Kaineruqaba bazar ertəsi açıqlamasında Mujurizi Moses adlı şəxsi ölkə tarixinin ən ağır cinayətlərdə ittiham olunan qatillərindən biri kimi təqdim edib.
General şübhəlinin 2010–2025-ci illər arasında onlarla insanı öldürdüyünü və qurbanlarının bədən hissələrini yediyini iddia edib.
Uqandanın “Daily Monitor” nəşrinin məlumatına görə, pala ilə silahlandığı bildirilən şübhəli bir din xadimini və ailəsini, eləcə də öz qohumlarından səkkiz nəfəri öldürməkdə ittiham olunur. Onun iki nəvəsinin gözü qarşısında yaşlı bir qadını balta ilə qətlə yetirdiyi də iddialar arasındadır. Polis şübhəlinin muzdlu qatil kimi fəaliyyət göstərdiyini ehtimal edib. Onun ailələrin yaşadığı evlərə zorla daxil olaraq evdəkiləri öldürdüyü və meyitlərin bəzi hissələrini yediyi iddia edilib.
Yerli mətbuatın məlumatına görə, şübhəli qadınlarla romantik münasibətlər qurduqdan sonra onları da öldürməkdə ittiham olunub.
General Muhoozi sosial şəbəkədəki açıqlamasında Mujurizi Mosesin açıq məhkəmə prosesində mühakimə olunacağını və ölüm cəzasına məhkum ediləcəyini bildirib. Bununla belə, şübhəlinin təqsiri məhkəmədə sübuta yetirilməyib.
Rəsmilər onun indiyədək müəyyənləşdirilməyən başqa şəxsləri də öldürmüş ola biləcəyini ehtimal edirlər.
İradə Elsevər







