“Bayden kimi yıxılmasını istəmirəm” - Tramp

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenə növbəti dəfə istehzalı eyham vurub. O, Las-Veqasda keçirilən tədbirdə səhnədən uzaqlaşmağa çalışan azyaşlı uşağı saxlayaraq bununla bağlı zarafat edib.
Sfera.az xəbər verir ki, hadisə Nevada ştatının Las-Veqas şəhərində yerləşən Red Rock Casino Resort and Spa kompleksində baş tutan tədbirdə yaşanıb.
Tramp administrasiyasının “çay pullarına vergi yoxdur” siyasətini və uşaqlar üçün yaradılan “Trump Accounts” adlı yığım hesablarını təqdim edərkən Las-Veqasdan olan Sandra və Bred adlı cütlüyü iki azyaşlı övladı ilə birlikdə səhnəyə dəvət edib.
Ana çıxış etdiyi vaxt ailənin kiçik oğlu səhnədə gəzməyə başlayaraq kənara doğru hərəkət edib. Bunu görən Donald Tramp dərhal uşağın arxasınca gedərək onu saxlayıb və yenidən səhnənin mərkəzinə yönəldib.
Daha sonra Tramp gülümsəyərək, “Onun Bayden kimi bu səhnədən yıxılmasını istəmirəm”, - deyə zarafat edib. Bu sözlər zalda olanların gülüşü və alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Trampın eyhamı 2023-cü ilin iyununda baş vermiş hadisəyə işarə idi. Həmin vaxt ABŞ-ın o zamankı prezidenti Co Bayden Kolorado Sprinqsdə ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzun buraxılışı mərasimində diplomları təqdim etdikdən sonra səhnədəki maneəyə ilişərək yıxılmışdı. Ağ Ev daha sonra Baydenin vəziyyətinin yaxşı olduğunu açıqladı.
Donald Tramp həm prezidentliyi dövründə, həm də sonrakı siyasi çıxışlarında Baydenin həmin anını və buna bənzər hadisələri tez-tez tənqid və zarafat mövzusu kimi gündəmə gətirir.
Mənsumə






