Tramp İranla Obamanın dövründəki sazişdən daha güclü razılaşma əldə etmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranla 2015-ci ildə Barak Obama administrasiyası dövründə əldə olunan razılaşmadan daha əhəmiyyətli bir saziş imzalamağa çalışır.
Sfera.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemlərinin Tədqiqi Mərkəzinin aparıcı elmi əməkdaşı Konstantin Bloxin “Ridusa” müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, Tramp üçün əsas məqsəd 2015-ci ildə imzalanmış nüvə sazişindən daha geniş və ABŞ üçün daha əlverişli hesab olunan yeni razılaşma əldə etməkdir.
“Tramp bu sazişi tənqid edib və hətta ləğv edib. Uzun müddət o, bunu ABŞ-ın İran qarşısında kapitulyasiyası kimi qiymətləndirirdi. Buna görə də yeni razılaşma daha sərfəli olmalıdır, əks halda Tramp siyasi baxımdan nüfuz itirə bilər”, - deyə Bloxin bildirib.
Amerikalı ekspert qeyd edib ki, Vaşinqton mürəkkəb vəziyyətdədir. Çünki Tehranla yeni anlaşma yalnız regiondakı gərginliyi azaltmamalı, eyni zamanda Tramp administrasiyası üçün siyasi uğur kimi təqdim olunmalıdır.
Onun sözlərinə görə, tərəflərdən heç biri genişmiqyaslı hərbi qarşıdurmada maraqlı deyil. ABŞ hazırda təzyiq strategiyasından istifadə edir: əvvəlcə sanksiyalar və siyasi tədbirlər gücləndirilir, daha sonra isə İran qarşısında danışıqlar masasına oturmaq və ya gərginliyi artırmaq seçimi qoyulur.
Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ və İranın avqustun 3-də danışıqlara başlayacağını açıqlamışdı. ABŞ prezidenti həmçinin İrana qarşı hazırlanmış genişmiqyaslı zərbə planının ləğv edildiyini bildirib.
İnci
Sfera.az






