Ehud Barak Netanyahu ilə bağlı xəbərdarlıq etdi
Keçmiş İsrail Baş naziri Ehud Barak Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq məqsədilə İrana qarşı hərbi əməliyyat planlaşdıra biləcəyini iddia edib. O, mümkün müharibənin İsrail üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, nazir İsrail mediasına müsahibəsində İranla yenidən hərbi qarşıdurma ehtimalından narahatlığını ifadə edib.
Barak bildirib ki, son bir aydır bu ehtimal onu ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, İrana mümkün hücum İsraildə fövqəladə vəziyyətin yaranmasına və parlamentdə andiçmə mərasiminin təxirə salınmasına səbəb ola bilər.
O qeyd edib ki, müharibə şəraitində hökumət müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinə malikdir. Bu isə parlamentin andiçmə mərasiminin ləğvinə və ya təxirə salınmasına gətirib çıxara bilər. Barakın fikrincə, belə bir vəziyyət ölkədə milli birlik hökumətinin yaradılması istiqamətində təzyiqləri artıracaq, siyasi gündəmi isə təhlükəsizlik məsələlərinin kölgəsində qoyacaq.
Keçmiş baş nazir İranla bağlı təcili hərbi müdaxiləni zəruri edən hər hansı kəşfiyyat məlumatının olmadığını vurğulayıb.
“Netanyahu bizi müharibəyə sürükləməyə çalışır. Bu, uğursuzluqla və ağır nəticələrlə yekunlaşa bilər. Hətta İranın gücünü artırması ilə nəticələnə bilər”, - o bildirib.
O əlavə edib ki, ən narahatedici məqam mümkün müharibənin yalnız hakimiyyətdə qalmaq məqsədilə baş verə bilməsidir.
İradə Elsevər






